Region

"Zəfərin mübarək, Vətən"

Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Zəfərin mübarək, Vətən" adlı tədbir keçirildi. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, YAP Şirvan şəhər təşkilatının məsul əməkdaşları, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, şəhid ailələri iştirak edirdi. Şirvan şəhər Şəhidlər Xiyabanında şəhid məzarlarının üzərinə gül-çiçək dəstələri düzülərək, xatirələri ehtiramla yad olundu.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin parlaq səhifələri haqqında ətraflı danışdı. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya mətinliyini, mübarizliyini nümayiş etdirdiyi vurğulandı. Ölkə başçısının yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də qələbə çaldığı qeyd edildi. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Hacı Vasif çıxışlarında Vətən müharibəsi qəhrəmanlarının şücaətindən, şəhid adının müqəddəsliyindən bəhs etdilər. Zəfər Gününün dövlət səviyyəsində təntənə ilə qeyd edilməsinin şəhid ruhlarına ehtiramın bariz nümunəsi olduğu vurğulandı.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 8 Noyabr - Zəfər Günü, eləcə də Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü münasibətilə hazırladığı "Zəfərin mübarək, Vətən"adlı videoçarx nümayiş olundu.

Tofiq HÜSEYN,

"Respublika".