Zəfərimizin birinci ildönümü münasibətilə təntənəli tədbirlər
Diaspora

Zəfərimizin birinci ildönümü münasibətilə təntənəli tədbirlər

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə Türkiyədə təntənəli bayram tədbirləri keçirilib.

İstanbul

Ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və işləyən həmvətənlərimiz, Vətən müharibəsi qaziləri və digərləri iştirak ediblər.

İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva bayram münasibətilə öz təbriklərini çatdırıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı Qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda bu mübarizədə, haqqı-ədaləti dünyaya çatdırmağımızda bizə dəstək verən başda qardaş Türkiyə olmaqla hər kəsin Zəfəridir.

Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı bu qardaşlığın ən gözəl izahıdır. Bu qardaşlığı və birliyi gələcək nəsillərə çatdırmaq isə bizim ən böyük borcumuzdur. Qarabağımız hazırda çox sürətlə yenidən qurulur, bərpa edilir. Ölkəmizin dirçəlməsi üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq", - deyə N.Mustafayeva vurğulayıb.

Öz çıxışında bu tarixin bizim üçün Zəfər Günü olaraq daima yaşayacağını vurğulayan Milli Məclisin deputatı Anar Məmmədov, qələbənin Prezident İlham Əliyevin doğru siyasəti, şanlı Ordumuzun qəhrəmanlığı ilə qazanıldığını bildirib:

"Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirir. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu".

Digər çıxış edənlər qeyd ediblər ki, bu 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəmancasına vuruşan Azərbaycan əsgəri bir gün belə yorulmadan  irəli getdi. Bu dövr ərzində  qardaş Türkiyə öz mənəvi və diplomatik dəstəyi ilə daima Azərbaycanın yanında oldu.

Telejurnalist Səidə Ömərin təqdimatı ilə baş tutan bayram tədbiri musiqiçilərin, rəqs qrupunun ifası ilə başa çatıb.

Ankara

Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankarada rəsmi qəbul təşkil edilib. Türkiyə və Azərbaycanın parlament üzvləri, qardaş ölkənin hökumət və dövlət nümayəndələri, silahlı qüvvələrinin qoşun növü komandanları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ankaradakı diplomatik korpus nümayəndələri, qazilərimiz, tanınmış siyasətçilər, ictimai xadimlər, Azərbaycan diasporunun fəallarının iştirak etdiyi bayram tədbiri Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə dövlətinin 84 milyonluq xalqı ilə Azərbaycanın yanında olduğunu minnətdarlıq hissi ilə qeyd ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müharibədə əldə edilən Qələbə BMT Təhlükəsizlik Şurasının uzun illər boyu icra edilməyən qətnamələrini həyata keçirdi, üçrəngli Azərbaycan bayrağı Şuşa qalasından asıldı.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında bildirib ki, Türkiyənin qardaş Azərbaycana dəstəyi 44 günlük müharibə ilə məhdudlaşmır, bundan sonra da bütün sahələrdə davam edəcək. Nazir ümidvar olduğunu bildirib ki, bunun nəticəsində də sadəcə Azərbaycan və Türkiyə yox, bütün bölgə ölkələri əmin-amanlıq, rifah içində yaşayacaq.

İğdır

Azərbaycanın Qarsdakı Baş konsulluğu ilə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) tərəfindən birgə təşkil olunan mərasimə yerli hakimiyyət orqanlarının rəhbərləri, siyasi partiya təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri qatılıblar. Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, yazıçı-publisist Sərdar Ünsal çıxışlarında şanlı Zəfərin əhəmiyyətindən danışıblar. Qazanılan Qələbə Azərbaycanın dövlətçilik tarixinin şərəfli Zəfər salnaməsi kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin nəsillərə örnək olan ibrətamiz kəlamları bu gün də dillərdən düşmür: Azərbaycan və Türkiyə əbədiyyətə qədər çiyin-çiyinə yaşayacaq və inkişaf edəcəkdir!

Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu erməni faşizmini məhv edib.

Mərasim Zəfər mahnılarının da yer qaldığı zəngin musiqili proqramla davam edib.

Ərzurum

Zəfər Günü münasibətilə Türkiyənin Ərzurum şəhərində təntənəli bayram mərasimi keçirilib. İlk öncə, şəhərdəki Heydər Əliyev Parkı ziyarət edilib. Azərbaycanın Qarsdakı Baş konsulluğu, Ərzurum Valiliyi və Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yerləşən Atatürk və texniki universitetlərdə birgə təşkil olunan mərasimlərdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ərzurum valisi Okay Memiş, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmət Sekmən çıxış edərək, şanlı Qələbəmizin tarixi əhəmiyyətindən danışıblar. İftixarla qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə çalan yenilməz Azərbaycan Ordusu dünyaya Azərbaycan xalqının gücünü və birliyini göstərdi. Azərbaycan xalqı haqq işində qardaş Türkiyənin göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstəyi heç zaman unutmayacaq.

Naxçıvan Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli çıxışında böyük Qələbənin qazanılmasına aparan yoldan və tarixi Zəfərin əhəmiyyətindən danışıb. Alim diqqətə çatdırıb ki, Azərbaycan Ordusu öz torpağı, hüquq və ədalətin bərpası uğrunda döyüşüb. Bu gün təntənə ilə qeyd olunan Zəfər məhz həmin mübarizəmizin real nəticəsidir.

Tədbir zəngin bədii-musiqili proqramla davam edib.

 Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.