Zəfərə aparan rəşadətli yolun başlanğıcı
Sosial həyat

Zəfərə aparan rəşadətli yolun başlanğıcı

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda mühüm mərhələlərdən biridir. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük İyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

Prezident, Ali Baş Komandan İlham Əliyev Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırmış və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etmişdir. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. İyul döyüşləri dövlət rəhbərinin öz fəaliyyətində, xüsusən Vətənin müdafiəsində xalqa arxalanmağın, ağır gündə xalqla bir yerdə olmağın yeni bir nümunəsini göstərdi. Prezident İlham Əliyev o zaman bu birliyi belə dəyərləndirdi: "Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir".

Məhz bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Azərbaycan torpaqlarını işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlər şəhidlərin qanını yerdə qoymadı. Xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.

Azərbaycan Ordusu tərəfindən düşmənə Tovuz döyüşlərində ağır zərbələr endirildi və 100-dən çox xeyli canlı qüvvəsi, döyüş texnikaları sıradan çıxarıldı. Bu döyüşlərin ən böyük önəmi həm də xalqımızın düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuzla yüksək həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin 2020-ci il iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram" çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alındılar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub. İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edir.

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Bu döyüşlər bir daha göstərdi ki, bizim güclü ordumuz və güclü Ali Baş Komandanımız var. Döyüş zamanı General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu, Azərbaycan ordusunun gücü, Azərbaycan əsgərinin qəhrəmanlığı idi. Döyüşlərdə şəhid olmuş Azərbaycan oğulları hər bir azərbaycanlının qəhrəmanıdır.   

Tovuz hadisələri zamanı şəhid olan hərbçiləri dövlət başçısı İlham Əliyev nisgilli duyğularla yad etmiş, onların qəhrəmanlığını gənc nəsil üçün örnək saymışdır. Bu da əslində, Ali Baş Komandan tərəfindən Vətən müdafiəçilərinə göstərilən qayğının bir nümunəsi idi. Bununla cənab İlham Əliyev qürurla qeyd edirdi ki, Vətənin müdafiəsi yolunda canını fəda edənlər heç zaman unudulmayacaqlar. Əksinə, Azərbaycan xalqı haqlı olaraq onlarla fəxr edəcəkdir: "General Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib".

Tovuz döyüşlərində tarixi zəfərin əldə edilməsinin bir göstəricisi də, şübhəsiz, qüdrətli Azərbaycan Ordusunun mövcudluğu idi. Möhtəşəm bir ordunun yaradılması İlham Əliyevin prezidentliyi dövründə Ali Baş Komandan kimi əldə etdiyi tarixi nailiyyətlərdəndir.

2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu hər gün yeni zirvələri fəth edərək düşmən tapdağında olan ərazilərimizi bir-birinin ardınca işğaldan azad etdi.  Əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı  naminə canından keçən minlərlə ölümsüz qəhrəmanımızın, o cümlədən Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn 3000-ə yaxın igidimizin qanı yerdə qalmadı.  Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərdə dastan oldular.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulamışdır ki, müharibədə Azərbaycanın qələbəsini şərtləndirən bir sıra faktorlar var idi. Bunların içərisində ən önəmlisi, ən vacibi ordu amili idi. Vətən müharibəsində məhz Azərbaycan əsgəri, zabiti qalib oldu.

Bu gün ölkəmiz güclü bir orduya sahibdir. Azərbaycanın Silahlı Qüvvələri deyiləndə artıq hər kəsin gözü önündə canlanan bir mənzərə var: Vətən müharibəsi, qalib ordu, qələbə hissini yaşayan xalq.

M.MİRZƏ, 

"Respublika".