ZƏFƏR SALNAMƏSİ
Siyasət

ZƏFƏR SALNAMƏSİ

Azərbaycan xalqının çağdaş tarixinə şanlı səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc bəxş etdi. Bəli, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Ölkə Prezidenti cənab  İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı. Bu müqəddəs savaşda qazanılan şanlı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Bu zəfəri bizə yaşadan müqəddəs şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mücadiləsi heç vaxt unudulmayacaq. Həm ön cəbhədə, həm də arxa cəbhədə hər bir vətəndaşımızın dəmir yumruq altında birliyi, dəstəyi bütün dünyanı heyrətə gətirdi. Bəli, Azərbaycan Ordusu yeni tarix yazdı. Bu elə bir zəfər oldu ki, hələ uzun illər nəinki regionda, dünyanın bir çox ölkəsində bu qələbədən danışacaq, daha dərindən araşdıracaqlar. 

Ordumuzun qəhrəman əsgərləri Ali Baş Komandan İlham Əliyevlə birgə savaşırdı. Siyasət meydanında hər kəsin cavabını layiqli şəkildə verən cənab Prezident hər müsahibəsində, çıxışında bütün tarixi faktlara aydınlıq gətirirdi. İnformasiya savaşında da qalib gəlməyimiz üçün əlindən gələni edən Azərbaycan Respublikasının Prezidenti hazırcavablığı, yüksək intellekti ilə dünya mediasına müsahibələrində də nümunə oldu. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görülməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. Bu il yanvarın 15-də qəhrəman oğullarımızın açdığı Zəfər yolu ilə Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan bu müharibəni XXI əsrin müharibəsi adlandırdı: “Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarca yaşayış məntəqəsini işğalçılardan azad edirdik”. Məhz, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. Həmçinin “dəmir yumruğ”u ilə işğalçını məcbur etdi ki, kapitulyasiya aktına imza atsın. Qətiyyətli və prinsipial Azərbaycan Prezidentinin, qüdrətli Azərbaycan Ordusunun daha bir möhtəşəm uğuru isə cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından düşməni qoşunlarını çıxarmağa məcbur qoyması idi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində, düşmən tərəfindən ərazisi ən çox minalanan Ağdam rayonu, çox çətin, mürəkkəb relyefə malik olan Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir itki belə verilmədən mənfur düşməndən geri alındı. Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi. Böyük fəxarətlə söyləyə bilərik ki, 2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan döyüşçüləri 9 Noyabr Bayraq Günündə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza qələbə sevinci yaşatdılar. Ən sevincli gün --10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi. Praqmatik dövlət başçısının hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq, tər gül-çiçəklərlə bəzədilər, onların əziz ruhu qarşısında baş əydilər və dedilər: “Biz Sizə borcluyuq”.

Eyni zamanda, bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una  dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri məğrur dayanaraq, “ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər. Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur...                                                                                                                      Bu gün şanlı tarixə çevrilən bir ilin unudulmaz anlarını iftixar hissiylə xatırlayır, zəruri məqamda qırılmaz bağlarda birləşib “dəmir yumruğ”a çevrilən xalqımızla, düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəriylə və böyük Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq.

Müharibə ərəfəsində Azərbaycana şiddətli təhdidlər yağdıran, yeni ərazilərimizi işğal edəcəkləri, Kürə qədər gələcəkləri ilə hədələyən düşmən “dəmir yumruğ”un qarşısında dayana bilməyərək, tankını, torpağını, silah-sursatını döyüş meydanında qoyub qaçdı. Hər gün yeni-yeni yaşayış məntəqələrinin - kəndlərimizin, şəhərlərimizin işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın dilindən səslənən xəbərlər ölkədə bayram ab-havası yaradaraq xalqımızı Böyük Zəfərə köklədi.

  30 ilə yaxın bir dövrdə ölkəmizin xüsusi əhəmiyyətli su qovşaqları erməni işğalçılarının əlində idi, təcavüzkar kimi istifadə edir, dağıdır, çirkləndirir, ümumiyyətlə bütün dilbər guşələrimizdə ekoloji terror törədirdilər.  Təkcə o faktı demək kifayətdir ki, böyük tutumlu Suqovuşan Su Anbarından istədikləri kimi istifadə edərək viran qoymuşdular. Məhz onların nankorluğu, xəbisliyi ucbatından Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədi rayonlarında, ümumilikdə, 96 min 217 hektar əkin sahəsinin suvarılmasında 30 ilə yaxın idi çətinlik yaşanırdı. Səbəb isə Suqovuşan kəndindəki eyni adlı su anbarının işğal altında olması idi. Artıq Vətən müharibəsində qazanılan qələbə ilə bu məsələ də öz həllini tapmaqdadır.

Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı. Tam əminliklə demək olar ki, tezliklə doğma və əziz Qarabağımız cənnətə çevriləcək, iqtisadiyyat dirçələcək, bütün sahələrdə məhsuldarlıq artacaqdır. İşğaldan azad edilmiş ərazilərdə operativ görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

İlqar MƏHƏRRƏMOV,

Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi.