ZƏFƏR PARTİYASI
Digər xəbərlər

ZƏFƏR PARTİYASI

22 ildir ki, Yeni Azərbaycan Partiyasının sıralarındayam. YAP hakim partiya olaraq xalqın dərin inamını və məhəbbətini qazanıb. Otuz il ərzində partiyamız şanlı, şərəfli bir yol keçib. Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən respublika tədbirində iştirak etmək mənə də nəsib oldu. Tədbirdən zəngin təəssüratla qayıtmışam.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbirdə əhatəli, dərin məzmunlu çıxışı hamımızın ürəyincə oldu. Möhtərəm Prezidentimiz 30 il əvvəl partiyanın çox çətin, mürəkkəb şəraitdə yaradıldığını bildirdi. Müstəqilliyimizin, ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində partiyamızın misilsiz xidmətləri vardır.

Çox uzaq tarix deyil. 1990-cı illərin əvvəllərində gənc, müstəqil Azərbaycan ağır böhran içində idi. Xalqımız 20 Yanvar, Xocalı faciələrinin ağrılarını yaşamışdı. Ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Bundan istifadə edən namərd düşmən xarici havadarlarının köməyilə 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarını işğal etmişdi. Azərbaycan müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq nicat yolunu dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Məşhur "91-lər"in Heydər Əliyevə müraciətindən sonra yeni partiya yaratmaq ideyası ortaya çıxmışdı. Lakin iqtidarda olan AXC-Müsavat cütlüyü Bakıda təsis konfransını keçirməyə icazə vermədi. Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı çağırıldı. Konfransda ölkəmizin bütün bölgələrindən nümayəndələr iştirak edirdi. O zaman YAP müxalifət partiyası kimi yarandı və ölkəmizin tarixində yeni səhifə açdı.

Xalqımızın müdrik rəhbəri Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu etimadın əsas səbəbi o idi ki, xalq Heydər Əliyevi  sevir, ona inanır, taleyini ancaq ona etibar edirdi. Çünki ulu öndər Azərbaycana rəhbərlik etdiyi 70-ci illərin sonu 80-ci illərin əvvəllərində xalqın taleyi, qayğıları ilə yaşayırdı. O daim xalqla birlikdə idi. Keçmiş sovetlər birliyində geridə qalmış Azərbaycanı ən qabaqcıl respublikalardan birinə çevirmişdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə və Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı illərdə Qarabağda separatçı qüvvələr baş qaldıra bilmirdilər. Ulu öndər vəzifəsindən istefa verəndən sonra daşnak ermənilər Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsini tələb etdilər. 

YAP-ın təsis konfransından yeddi ay sonra Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Əvvəl parlamentin sədri, oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. O vaxt qarşıda çox ciddi, ağır problemlər dururdu. Ölkəni siyasi və iqtisadi böhran, parçalanma, vətəndaş müharibəsi təhlükəsi bürümüşdü. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona inamı və Yeni Azərbaycan Partiyasının üzvlərinin fəallığı, işgüzarlığı nəticəsində ölkə çətin vəziyyətdən şərəflə çıxdı. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin strateji xətti müəyyənləşdirildi. İlk Milli Konstitusiyamız qəbul olundu. Dövlət təsisatları yeni dövrün tələblərinə uyğun yenidən formalaşdırıldı. Ulu öndərin təşəbbüsü  ilə çox ciddi iqtisadi islahatlara start verildi. "Əsrin kontraktı" imzalandı və ölkəmizin güclü maliyyə imkanları yarandı. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan beynəlxalq müstəvidə müstəqil ölkə kimi tanındı.

1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları daha da  möhkəmləndirildi. Bu illəri hər birimiz sabitlik və inkişaf dövrü kimi yaxşı xatırlayırıq. Möhtərəm Prezidentimiz bu barədə yubiley mərasimində çıxışında dedi: "Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də ulu öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi".

Xalqımız 2003-cü ildə bir daha müdriklik göstərərək, prezident seçkilərində Heydər Əliyev siyasətinə səs verdi. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev böyük səs çoxluğu ilə  ölkə Prezidenti seçildi. Dövlətimizin başçısı dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirərək güclü, qüdrətli Azərbaycan qurdu. Bu gün hər bir azərbaycanlı dövlətimizlə qürur duyur, fəxr edir.

İxtisasca riyaziyyat müəllimiyəm. On ilə yaxındır ki, bir vaxtlar təhsil aldığım doğma Hamoşam kənd tam orta məktəbinin direktoru işləyirəm. Sevinirəm ki, ulu öndərin bizə vəsiyyət etdiyi azərbaycançılıq ideyası, xalqımızın milli-mənəvi dəyərləri layiqincə qorunur. Gənc nəsil milli ruhda böyüyür, ənənələrə, azərbaycançılıq ideyasına sadiqdir. 44 günlük müharibədə gənclər ölümə getməyə hazır idi. Qarabağ uğrunda gedən döyüşlərdə kəndimizdən, Astara rayonundan da şəhidlərimiz oldu. El-oba onları heç vaxt unutmur. Xatirələrini daim əziz tutur, ruhlarını ehtiramla yad edirlər.

Ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti əsl vətənpərvərlik, fədakarlıq nümunəsidir. Qurucusu və memarı olduğu müstəqil Azərbaycan, yaratdığı Yeni Azərbaycan Partiyası əbədi yaşayacaqdır.

Asəf ABDULOV,

Astara rayonu, Hamoşam kəndi,

Yeni Azərbaycan Partiyasının üzvü.