“Zəfər günü”nə həsr olunmuş mini-futbol çempionatının açılışı oldu
Region

“Zəfər günü”nə həsr olunmuş mini-futbol çempionatının açılışı oldu

Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə və 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş şəhərin idarə və müəssisələrinin komandaları arasında mini-futbol çempionatının açılış mərasimi keçirildi.
Açılış mərasimində Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Elvin Balayev, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər Şöbəsinin sədri Pənah Xankişiyev, şəhid ailələri, Vətən müharibəsi qaziləri, şəhərin idarə və müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov tədbir iştirakçılarını salamlayıb tədbirin mahiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. 44 gün ərzində Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib və bu yolda şəhid verib. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə Şirvan şəhərindən 21 nəfər şəhadətə yüksəlib.
Vətən müharibəsi şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidlərimizin xatirəsinə həsr olunmuş mini-futbol çempionatı açıq elan edildi.

Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi və bu istiqamətdə keçirilən silsilə tədbirlər haqqında danışdı. Qeyd etdi ki, Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhid ailələri, Vətən müharibəsində iştirak edərək xəsarət almış hərbi qulluqçularla görüş və tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.

Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Zeynal Zülfüqarlının atası Alim  Zülfüqarlı oğlunun timsalında şəhidlərimizin şücaətindən bəhs edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Milli Məclisin deputatı İltizam Yusifov,  Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elvin Balayev Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı gördüyü işlərdən danışdılar. Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan Şəhər Şöbəsinin sədri Pənah Xankişiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən bəhs etdi.

Çıxışlardan sonra tədbirin rəsmi hissəsi başa çatdı. Komandalar öz güclərini sınayıb ilkin nəticələr göstərdilər.

Tofiq HÜSEYN,

“Respublika”.