Zəfər Gününə həsr olunmuş elektron kitab
Mədəniyyət

Zəfər Gününə həsr olunmuş elektron kitab

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Zəfərin mübarək, Azərbaycan” adlı elektron kitab hazırlanıb. Kitab Zəfər Gününün birinci ildönümünə həsr olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Əminliklə deyə bilərik ki, uğurlarımızın əsası Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olmuşdur.

Cəmi 44 gün ərzində Ermənistan ordusunun hərbi texnikası məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə bir mesaj oldu: “Biz haqlıyıq, biz öz torpaqlarımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın.

Elektron kitabın əvvəlində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı verilmişdir.

Elektron kitab Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” və “Şəhidlər” şeirləri ilə başlanır. Kitabda Azərbaycan əsgərinə, Qarabağ müharibəsinə, Zəfər gününə həsr olunmuş şeir, qəzəl, bayatılar, hekayə, oçerklər və pyes verilmişdir. Elektron kitabın ideya müəllifi Lətifə Məmmədova, tərtibçisi Təranə Heydərova, redaksiya heyətinin üzvləri Könül Vəliyeva, Yeganə Qafarova, Sevil Namazova və Kifayət Hüseynovadır.

Azərbaycan Ordusunun qazandığı böyük Zəfərə həsr olunmuş əsərlərin yer aldığı elektron kitab Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin veb saytında yerləşdirilib və istifadə üçün açıqdır.

Kamil İSMAYIL,

“Respublika”.