Zəfər Gününə həsr edilmiş şahmat turnirinə yekun vuruldu
Region

Zəfər Gününə həsr edilmiş şahmat turnirinə yekun vuruldu

Kürdəmir Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Kürdəmir Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş məktəblilər arasında şahmat turnirinə yekun vuruldu.
Turnirin mükafatlandırma mərasimində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə çıxış edən şəhidlərimizin valideynləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirmahmud Mahmudov, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov,  rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Samir Şükürov bildirdilər ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Bu haqq savaşında Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Xalqımız birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyasını yerinə yetirdi.
Oktyabrın 28-dən start verilən turnirdə 8-12 və 13-16 yaş qrupları arasında keçirilmiş yarışda qalib gələn şahmatçılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırıldılar.

                                                        Tofiq HÜSEYN,

                                    “Respublika”.