Zəfər Günü yenilməz xalq, qüdrətli dövlət olduğumuzu təsdiqlədi
Siyasət

Zəfər Günü yenilməz xalq, qüdrətli dövlət olduğumuzu təsdiqlədi

“Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İşğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən biri olaraq Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz qüdrətini, mübarizliyini, gücünü, mətinliyini nümayiş etdirdi. Tarixi qaynaqlara əsaslanaraq deyə bilərik ki, müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin son dərəcə böyük rolu olur. Bu gün dünya ictimaiyyəti xalqımızın necə dahi sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu gördü. Tarixi Zəfər qələbəmiz bir daha göstərdi ki, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə və informasiya müharibəsində də Azərbaycanın haqq səsi bütün təzyiqlərə cəsarətlə sinə gərən, öz xalqı ilə birlikdə olan mübariz liderdir.

Xalqımızın tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmişdir. Çünki Ermənistanın tarixi torpaqlarımıza olan ərazi iddiaları etnik təmizləmə təxribatları və terror əməlləri ilə başlamış, hərbi təcavüzlə nəticələnmişdir. Ermənistanın silahlı terrorçuları öz cinayətkar fəaliyyətlərini genişləndirərək əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlamış və torpaqlarımızın 20% hissəsini işğal etmişdir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən, beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul edilsə də, Ermənistan buna məhəl qoymadı. Hətta işğal etdiyi torpaqlarımızda hərbi təcavüzü davam etdirərək həmin ərazilərdə yaşayış evlərini, ictimai binaları, təhsil və mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, o cümlədən bütün infrastrukturu qəddarlıqla talan etdi. Ermənistanın planlı şəkildə apardığı soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, əmlakları qarət olundu.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün son dərəcə ağır nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesinin heç bir nəticə verməməsi düşmənin beynəlxalq qanunları da kobud surətdə pozduğunu göstərirdi.

Vətən müharibəsinin COVID-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi vaxtda başlamasına baxmayaraq, xalqımızın “Dəmir Yumruq” ətrafında birləşməsi, Ali Baş Komandanın qətiyyəti, ordumuzun igidliyi tarixi Zəfər qələbəsinin qazanılmasında ən böyük uğurlarımızdan biri oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın bütün təxribatlarının və yeni işğal siyasətinin qarşısını almaq üçün səfərbər oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 il ərzində işğal edilmiş bütün torpaqlarımız azad edildi. Noyabrın 8-də xalqımızın tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad oldu. Onu da qeyd etməliyik ki, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri oldu. Bununla da Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya bir daha öz gücünü, qüdrətini, mübarizliyini və rəşadətini nümayiş etdirdi.

Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

 

Onu da qeyd edək ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən həlli mümkünsüz sayılan məsələlərin – Ermənistanın təcavüzkarlığının və onun bu cinayətkar hərəkətlərinə dəstək olan dövlətlərin təxribatlarının qarşısını cəmi 44 günə aldı. Kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həllinə nail oldu.

 

Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun döyüş  strategiyası müasir hərb tarixinə örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı: ya ordusunu döyüş meydanında son nəfərinə qədər məhv etmək, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyəti ilə razılaşmaq. N.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə düşmənin hələ də sakitləşmədiyi məsələsinə toxunulub. Bununla bağlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın arzusunu konkret olaraq ifadə edib: “Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək”.

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan kapitulyasiya aktını imzalamasına baxmayaraq, hələ də işğalçılıq siyasətindən əl çəkə bilmir. Xalqımızın sülhsevər siyasəti bütün dünyaya bəllidi.

Vətən müharibəsində Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyətinin müəyyənləşdirilməsi və bu əməllərin hansı hüquq normalarının pozuntusu hesab olunduğunu təhlil etmək çox vacibdir. Çünki cinayətkarların ən qısa zamanda mühakimə edilərək cəzalandırılması ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkündür. Beynəlxalq hüquq normalarının, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən, müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur. Bu kateqoriyadan olan şəxslər cinayətin törədildiyi vaxtdan asılı olmayaraq, mühakimə edilə bilərlər. Bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı, eyni zamanda, atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyəti mühakimə edilməlidi. Vətən müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini pozaraq çoxsaylı müharibə cinayətləri törətdi.

Vətən müharibəsi zamanı təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi qadağan olunmuş kassetli və fosforlu bombalarla atəşə tutması nəticəsində uşaqlar və qadınlar daxil olmaqla, 100-ə yaxın mülki vətəndaş həlak olub. Tərtər şəhərinə 16 min bomba atılıb. Xarici jurnalistlər ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərini isə Qafqazın "Xirosima"sı adlandırırlar.

Ermənistanın müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən də təsdiq olunub. Təkcə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatı artıq Ermənistanın müharibə cinayəti törətməsi ilə bağlı onlarla fakta sahib olduğunu bildirib. Bu faktların kosmik videogörüntülər vasitəsilə təsdiqləndiyi qeyd edilib. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu törədilmiş bütün bu cinayətlərlə bağlı araşdırmalar aparıldığını və zəruri sənədlərin hazırlanaraq müvafiq orqanlara göndəriləcəyini və cinayətkarların layiqli cəzalarını alması üçün bütün addımların atılacağını bildirib. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərir.

Bütün bu cinayətlərin törədilməsinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir. Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və sadalanan bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir.

Vətən müharibəsi başlanan gündən ədliyyə işçiləri də döyüşlərdə iştirak etməklə, ordumuzla həmrəy olmaqla əsgərlərə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini göstərmişdir. Ədliyyə Nazirliyinin əməkdaşı Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

Ədliyyə Nazirliyinin işçiləri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürülmüş, o cümlədən şəhid ailələrinin qayğıları daim diqqətdə saxlanılmaqla zəruri köməklik göstərilmişdir.

Xalqımız Qarabağa qovuşdu, tarixi qələbəyə imza atdı, ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun, əsgər və zabitlərimizin rəşadətidir. “Qarabağ Azərbaycandır və nida işarəsi”- söyləyən Prezidentimiz hər zaman olduğu kimi,  bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı.

Xalqımızın şərəf və ləyaqətini ucaldan, məğrurluğunu və rəşadətini bütün dünyaya nümayiş etdirən Zəfər bayramı daha böyük və dinamik inkişafımıza geniş zəmin yaradacaq.

Ceyhun ƏHMƏDOV,

 Şəki Rayon Məhkəməsinin sədri.