Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edilib
Sosial həyat

Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edilib

Zəfər Günü münasibətilə işğaldan azad edilmiş Ağdam şəhərində "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd-sərgi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvünün əsərləri nümayiş olunub. Sözügedən rəssamlar Təranə Musayeva, Mənsur Əsgərli, Minə Məmmədova, Sevinc Kərimova, Pərviz Mahmudov, İntiqam Cəfərov, Elçin Nəsirov, Hüseyn Haqverdiyev, Rəşad Cabbarov, Vüqar Əliyev, Həsənağa Məmmədov, Asif Rzayev, İsa Məmmədov və Misir Maxsudlu olub.

Sərgidə əsasən, ötən il işğaldan azad olunan guşələrimiz, Ağdam mənzərələri, tarixi abidələr və Azərbaycanın düşmən üzərindəki Qələbəsini əks etdirən rəsm əsərləri yer alıb. Rəssamlar Ağdamdakı İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir ediblər.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova jurnalistlərə açıqlamasında deyib: "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində etüdlərimiz baş tutdu. Çox xoşbəxtik ki, bu gün Zəfər Gününü öz Vətənimizdə qeyd edirik. Ağdama gəlmiş rəssamlar da çox xoşbəxtdirlər ki, öz kətanlarına Ağdamda tarixi mirasımızın bir hissəsini köçürürlər. Çəkilən etüdlər Zəfər muzeyinə hədiyyə olunacaq".

Rəssamlıq Akademiyasının dosenti İsa Məmmədov işğaldan azad edilmiş ərazilərdə rəsm çəkdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: "Çox xoşbəxtəm ki, Zəfər Günündə işğaldan azad edilmiş Ağdam şəhərində Cümə məscidinin və Çörək muzeyinin rəsmini çəkirəm. Ağdam yenidən qurulandan, bərpa ediləndən sonra yenidən gəlib həmin yerlərin rəsmini yenidən çəkəcəm".

Rəssamlar İttifaqının üzvü Elçin Nəsirov isə deyib: "Rəssam dostlarımla birlikdə rəsm əsərləri çəkmək, etüdlər etmək üçün Ağdam şəhərinə gəlmişik. Mən hazırda Ağdam Dram Teatrının binasının rəsmini çəkirəm. Amma teatrdan əsər-əlamət qalmayıb. İnşallah Ağdamda yenidənqurma, bərpa işləri həyata keçiriləcək. Biz yenidən gəlib burada öz rəsmlərimizi çəkəcəyik".

Rəssamlar İmarət kompleksində, Çörək muzeyinin və Dram teatrının qalıqları qarşısında, Ağdam Cümə məscidində, Qiyaslı məscidində və Şahbulaq qalasında etüdlər ediblər. Çəkilən rəsmlər sonda Şahbulaq qalasında təşkil edilən sərgidə nümayiş olunub.

Tədbir zamanı çıxış edən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov torpaqlarımızı 30 illik erməni işğalından azad edərək qazandığımız bu Qələbənin ildönümü münasibətilə iştirakçıları təbrik edib və ürək sözlərini iştirakçılarla bölüşüb.

Tədbirə layihə və etüd rəhbərləri qismində iştirak edən Elnurə və Aygün İsgəndərovalar, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, iştirak edən rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Sonda rəssamlara hədiyyə və diplomlar təqdim olunub.

AZƏRTAC