Zaur Sarıyev
Sosial həyat

Zaur Sarıyev

Erməni daşnakları son 200 ildə Azərbaycan xalqına qarşı həmişə düşmən mövqedə olmuş, xalqımıza qarşı çirkin əməllər törətməkdən əl çəkməmişlər. Ancaq Azərbaycanın igid, cəsur oğulları azğınlaşmış düşmənə hər zaman layiqli cavab vermiş, Birinci Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində pis niyyətli erməni quldurlarını diz çökdürmüşlər.

1990-cı ilin əvvəllərində ermənilər, məkirli niyyətlərini reallaşdırmaq üçün yenidən kənd və qəsəbələrimizi atəşə tutmuşlar. Vətənin dar günündə Azərbaycan oğulları sinəsini qabağa verərək ölüm-dirim savaşına qoşulmuşlar.

Onlardan biri də Şəmkir torpağının yetirməsi Zaur Rəşid oğlu Sarıyev idi. O, 1974-cü il iyunun 28-də Şəmkir (keçmiş Şamxor) rayonunun Qaralar kəndində anadan olub. 1993-cü il iyulun 6-da Zaur hərbi xidmətə çağırılıb. Onun döyüş yolu Tərtərdən başlamışdı. Gənc əsgər komandanlığın hər bir döyüş tapşırığını cəsarətlə yerinə yetirir, sərrast atışı ilə düşməni susdurmağı bacarırdı. Növbəti tapşırığı yerinə yetirərkən Zaur döyüşçü yoldaşları ilə düşmən hərbçilərini susdurmağı bacardı, onu geri çəkilməyə məcbur etdi.

Daha sonra Zaur Sarıyev döyüş yolunu Füzuli, Ağdam və Kəlbəcərdə davam etdirdi. Ermənilərin bir çox həmlələri dəf edildi. Murovdakı döyüşlər çox çətin oldu. Daşnakların ciddi müqavimətinin qarşısı qətiyyətlə alındı, Azərbaycan əsgərinin şücaəti sayəsində ermənilərə ciddi zərbələr endirildi, onların xeyli hərbi sursatı ələ keçirildi.

Növbəti döyüşlərin birində Zaur düşmən mühasirəsinə düşdü. Lakin o və döyüş yoldaşları ruhdan düşməyərək, ermənilərə ciddi müqavimət göstərdilər. Onlar düz 13 gündən sonra mühasirədən çıxmağa müvəffəq oldular. Zaur 2 ay müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtdı. Çox keçmədən çavuş rütbəsi aldı və qrup komandiri təyin edildi.

Bir müddətdən sonra Zaur Sarıyev 776 saylı hərbi hissədə xidmətini davam etdirdi. 1995-ci il martın 13-də hazırlanmış dövlət çevrilişinin qarşısının alınmasında Zaur Sarıyev həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Q.ASLANOV,

 "Respublika".