Zaqatala: Abadlaşan Əliabadda sosial-iqtisadi həyat necədir?
Region

Zaqatala: Abadlaşan Əliabadda sosial-iqtisadi həyat necədir?

Hörmətli redaksiya, “Respublika” qəzetində rayonların sosial-iqtisadi inkişafı barədə verilən yazılar oxucu marağına səbəb olur və hamımız bunu alqışlayırıq. Çünki bununla qəzet, müstəqilliyinin üçüncü onilliyini yaşayan respublikamızın sürətli inkişafını, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi strategiyasının böyük uğurlara apardığını bütün dünyaya çatdırır. Yaxşı olar ki, bu cür materiallar rayonların ayrı-ayrı yaşayış ünvanlarına, xüsusən də qəsəbə və kəndlərinin sosial-iqtisadi həyatına, ən başlıcası da kəndin necə yaşamasına, təsərrüfatda çalışanların gün-güzəranlarını necə keçirməsinə də şamil edilsin. İndiki vaxtda - otuz ilə yaxın müddətdə erməni vandallarının işğalında olan Qarabağ torpaqlarının qırx dörd günlük müharibənin Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin böyük, qüdrətli, qətiyyətli qələbəsilə başa çatıb azad olunması, o yerlərə başlanan Böyük Qayıdışla start götürən genişmiqyaslı quruculuq, yenidənqurma işlərinin aparıldığı vaxtda bu, çox yaxşı olar. Kəndlərimizdəki ürəkaçan sosial-iqtisadi həyat, o torpaqlarda da başlanan uğurlu işlərə ən gözəl, etibarlı dayaqdır. Bu yerlərdə yaradılan güclü iqtisadiyyat, o yerlərdə götürülən uğurlu starta bizim ən layiqli töhfəmiz olar. Bir də yaddan çıxarmayaq ki, bu yerlərdə də aradan qaldırılmalı problemlər, hələ də kəndin və kəndlinin yaxşı yaşamasına, sahibkarların daha geniş əl-qol açmasına əngəllər törədən amillər az da olsa, var. Qoy onları da hamı bilsin və elliklə aradan qaldırılmasına dəstək olsun.


Bu məktub Zaqatala rayonunun Əliabad qəsəbəsinin bələdiyyə sədri Eldəniz Vəliyev tərəfindən yazılıb. Oxucu məktubunun izi ilə biz də yolumuzu Əliabad qəsəbəsindən saldıq.

Zaqatalaya da, elə Əliabadın özünə də bir neçə dəfə gəlmişəm. Hər dəfə gələndə bir yeniliklə, iqtisadi və quruculuq uğuru ilə qarşılaşmışam. Üç min yüzdən artıq təsərrüfatı əhatə edən Əliabadda iyirmiyə yaxın müxtəlif azsaylı xalqın nümayəndəsi dostluq və qardaşlıq şəraitində yaşayır. Burada beynəlmiləlçiliyin, tolerantlığın çox-çox qədimlərlə səsləşən kökləri var. Təhsilə, elmə yüksək qayğı göstərən əliabadlı ziyalıların sorağı bu gün respublikamızın ən böyük təhsil və elm ocaqlarından gəlir. Nurəddin Ağabəyov, Şirinbəy Əliyev, Zəminə Şabanova, İradə Əliyeva və bir çox başqaları bu gün respublikanın ali məktəblərində, elm ocaqlarında doğma Zaqatalanı, Əliabadı layiqincə təmsil edir. Dörd məktəbi, üç uşaq bağçası, həkim məntəqəsi, üç mədəniyyət müəssisəsi, rabitə şöbəsi, çoxnömrəli avtomat telefon stansiyası olan Əliabadda əhaliyə yüksək səviyyədə xidmət göstərilir.

—Əliabad hər gün abadlaşır, yeniləşir, -deyə bizimlə söhbətə qoşulan qəsəbə bələdiyyəsinin sədri Eldəniz Vəliyev daha sonra dedi:

—Əliabad abadlaşdığı, yeniləşdiyi kimi, aqrar sahədə də uğurlu nəticələrə nail olur. Abad, hər cür təminat təchizatlı kənddə yaşayan əhali kənd təsərrüfatının inkişafında da öncüllər sırasındadır. Bax, elə buna görə də, Zaqatala rayonunda bu qəsəbəni hamı varlı, dövlətli, təknəsi bol çörəkli, imkanlı kimi tanıyır. Əliabadlılar bitkiçilik, bağçılıq, baramaçılıq, tütünçülük və heyvandarlıqla məşğul olurlar. Fındıqçılıq bu qəsəbənin də aqrar həyatında böyük rol oynayır. Qəsəbədə 2600 hektar fındıq bağları var. Onun 1800 hektarı barverən bağlardır. Bələdiyyə sədri söhbətində vurğuladı ki, ildə orta hesabla hektardan 1 ton fındıq əldə olunur. Burada fəaliyyət göstərən fındıq emalı zavodu Əliabadlı təsərrüfatçılara həm bol məhsul yetişdirməkdə, həm də məhsulun satışında böyük dəstəkdir. Yeri gəlmişkən qeyd edək ki, Əliabadın “Həftə bazarı” qəsəbə sakinlərinin yetişdirdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını satmaqları üçün ən yaxşı ünvandır. Söhbətimizin iştirakçısı olan qəsəbə icra nümayəndəsi Həsən Həsənov maraqlı bir iqtisadi təhlilə də diqqətimizi çəkdi.

—Qəsəbə üzrə 1800 hektar barverən bağların hər hektarından 1 ton məhsul toplayan kənd əməkçisinin ailə büdcəsinə taxılçılıqdan, bitkiçilikdən, heyvandarlıqdan, tütünçülük və baramaçılıqdan digər gəlirləri də əlavə edəndə yəqin ki, kəndin və kəndçinin necə yaşaması aydın olur. Əliabad kəndlisinin hər həftənin sonunda fəaliyyət göstərən “Həftə bazarı”nda bitkiçilik və heyvandarlıq məhsulları satanların təbəssümlü sifətlərini görəndə biz rəhbər işçilər də rahat nəfəs alırıq.

Söhbətlərdən, gəzib-gördüklərimizdən qənaətimiz bu oldu ki, əliabadlılar yaxşı işlədiklərinə, ən əsası da torpağın qədrini bilib ona qayğı ilə yanaşdıqlarına görə yaxşı da yaşayırlar. Bir el ağsaqqalının dediyinə görə, ilin hansı fəslində, istənilən ayında əliabadlı evinin qonağı olub süfrəsində hər cür naz-nemətdən dada bilərsən. Bal da yeyərsən, qaymaqlı qatıq da içərsən, qoyun-quzu ətindən bişirilən kababdan doymazsan, fındıqdan hazırlanan müxtəlif məhsulların ləzzətindən xüsusi zövq alarsan.

Ağsaqqalın sözünə qüvvət, əliabadlılar bu il 50 hektarda tütün əkib, xeyli sahədə arpa, buğda yetişdirir, 26 kümçü ailəsində 118 qutu ipəkqurduna xidmət olunub. Onlar 100 tondan artıq tütün, 5 min kiloqramdan çox barama, hər hektardan 30 sentnerdən artıq taxıl əldə etməyi qarşılarına məqsəd qoyublar.

Qəsəbənin sayılıb-seçilən, el-obada nüfuz və hörmət sahibi olan ağsaqqallarından, ziyalılarından söhbət düşəndə Nəzir Muradovun, Sabit Musayevin, Oruc Orucovun adlarını çəkdilər. 3 saylı məktəbin direktoru Natəvan Məmmədovanın ictimai-siyasi fəallığından danışdılar.

Burada da hər yandan ümidini çəkib, yalnız dövlətin qayğısından bəhrələnən 12 nəfər tənha və kimsəsiz var. Onlara rayonun müvafiq qurumunun xətti ilə lazımi səviyyədə sosial xidmət göstərilir.

Ötən ilin sentyabrın 27-də başlayıb cəmi qırx dörd gündə böyük tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi Zaqatalanın haqqında söhbət açdığımız Əliabad qəsəbəsinin tarixinə də unudulmaz səhifələr yazıb. Müharibədə 118 nəfər əliabadlı balası da igidliklə vuruşub. Onlardan 1 nəfəri - İsmayıl İrapov şəhidlik zirvəsində özünə əbədi və heç vaxt unudulmayan bir məkan qurub.

Əliabad gündən-günə abadlaşır, yeniləşir. Onun mərkəzi küçəsi başdan-başa işıqlandırılıb. Hazırda burada elektrik xətlərinin kabelləşməsi aparılır. Mərkəzi küçədə yenidən qurulub abadlaşdırılan “Köbələk ərazisi” qəsəbəyə gələnlərə xüsusi zövq verir.

Qəsəbənin asfalt yolları, fasiləsiz elektrik enerjisi, qazı, içməli suyu var. Ayrı-ayrı xeyriyyəçi adamları tərəfindən görülən bəzi tikinti, quruculuq, abadlıq işləri də qəsəbə camaatının ürəyincədir. Əliabad-Zaqatala yolunun kənarında, meşənin qoynunda qəsəbə sakini Təmraz İsmayılovun xüsusi səyi ilə tikilən “Yeddi bulağ”ın diş göynədən suyundan bircə stəkan içməmiş keçə bilməzsən. Bir sözlə, son onillikdə Əliabadda çox işlər görülüb, çox uğurlara imza atılıb. Təkcə bir sosial problemin həlli bu gün rayonun da, elə qəsəbəsinin də rəhbərlərini çox düşündürür. Bu, içməli su ilə bağlıdır. Hər il qəsəbədə dövlətin xətti ilə bir subartezian quyusu qazılır. Elə buna görə də, qəsəbədə suyun çəkilişi tam həllini tapıb. Həllini gözləyən həmin xətlərin şəbəkələşdirilməməsi, yəni hər həyətə ayrılıqda xətt çəkilməməsidir. Bunun üçün ilkin addımlar atılıb və şübhəsiz, yaxın vaxtlarda abadlaşan, yeniləşən Əliabad bu qayğıdan da qurtarar.

Yazımıza Əliabadlı oxucunun qəzetimizə ünvanladığı yuxarıda qeyd etdiyimiz məktubuna təkrar münasibətimizlə yekun vurub, oxucularımıza yaşadıqları qəsəbə və kəndlərdəki vəziyyətlə bağlı öz arzu və istəklərini, həllini gözləyən sosial problemləri ilə əlaqədar yazmalarını tövsiyə edirik. Gəlin birlikdə güclü olmaqla respublikamızın hər yanının gülüzara çevrilməsinə və bununla da erməni vandanlarının əlindən qurtaran doğma Qarabağ torpaqlarına başlanan Böyük Qayıdışa əməli işimizlə dəstək olaq.  

Rasim AMANOV,

“Respublika”.