ZAMANLA SINANMIŞ ƏSL DOST VƏ QARDAŞ DÖVLƏT
Siyasət

ZAMANLA SINANMIŞ ƏSL DOST VƏ QARDAŞ DÖVLƏT

Pakistan 31 il bundan əvvəl dekabrın 13-də respublikamızın müstəqilliyini tanımışdır Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri bu iki dövlətin və xalqlarının maraqlarının göstəricisidir. Dövlətlər arasındakı yüksək səviyyəli siyasi-diplomatik münasibətlər xalqlar arasındakı qarşılıqlı çoxşaxəli əlaqələrin də genişlənməsinə stimul verir. Nəzərə almaq lazımdır ki, iki dövlətin mədəniyyət, elm və təhsil sahəsindəki əməkdaşlığı da bu amillər sırasındadır. XX əsrin sonlarında Azərbaycanla Pakistan arasında strateji münasibətlərin sürətli inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Pakistan bəşər tarixinin olduqca qədim ölkələrindən biridir. Yüzilliklər ərzində müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda həmin ölkənin yer aldığı bölgə İslam dininin yayılmasından öncə və İslam dövründəki sivilizasiyaları özündə birləşdirirdi. İslam burada yayılanda isə çoxmədəniyyətliliyə əsaslanan yeni bir sistem meydana çıxmışdı.

Müasir Azərbaycan Respublikası ilə Pakistanı çoxsaylı tarixi-siyasi, mədəni-mənəvi və etnik köklər bağlayır. Qeyd edək ki, hələ Səfəvilər və Əfşarların hakimiyyəti zamanında Azərbaycanın Pakistanın yerləşdiyi bölgə ilə kifayət qədər yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri yaranmışdı. Çox yüzilliklər bundan əvvəl yaranan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan-Pakistan əlaqələrinin tarixi kökə bağlanan keçmişini təşkil edir.

Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra 13 dekabr 1991-ci ildə tanıyan dost və qardaş ölkədir. Dövlətlərimiz arasında diplomatik əməkdaşlıq 9 iyun 1992-ci ildən başlamışdır. 1993-cü il martın 12-də Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. 9 aprel 1996-cı ildə ulu öndər Heydər Əliyev Pakistana rəsmi səfərə getmiş, bu görüşdə 9 sənəd imzalanmışdı. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər.

2002-ci ildə Azərbaycan Hökuməti və Pakistan Hökuməti arasında "Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş", 2015-ci il martın 11-də isə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanmışdır.

Pakistan dövləti müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın haqq işinə dəstəyini əsirgəməmiş, beynəlxalq hüququn norma və prinsiplərinə mütləq şəkildə riayət olunmasının əhəmiyyətini önə çəkmiş, ölkəmizin geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Prezident İlham Əliyev: "Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir", - deyə vurğulamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş növbəti hərbi təxribatdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladılmış və tarixə "Dəmir yumruq" adı ilə düşmüş əks-hücum əməliyyatından sonra Türkiyə ilə bərabər, Pakistan da ölkəmizə böyük mənəvi və siyasi dəstəyini nümayiş etdirmişdir.

Bu gün Azərbaycan-Pakistan qarşılıqlı münasibətləri haqqında danışanda mütləq üç əsas istiqaməti - tarixi-fəlsəfi, siyasi-diplomatik və mədəni-mənəvi kimi əməkdaşlıq vektorlarını qeyd etməliyik. Pakistanın siyasi tarixi kifayət qədər zəngindir. Bu ölkənin yerləşdiyi regionu əhatə edən dövlət və imperiyalar barədə çoxsaylı elmi ədəbiyyat və tarixi mənbələrə rast gələ bilərik. Pakistanın islamaqədərki tarixi, mədəniyyəti İslam dininin yayılmasından sonrakı mərhələdə olduğu kimi zəngin və maraqlıdır.

Pakistanın keçmiş əyalətlərini əhatə edən Dehli sultanlığı və Böyük Moğol imperiyasının tarixi-siyasi, iqtisadi-hərbi və mədəni-mənəvi inkişaf yolu əlamətdar hadisələrlə zəngindir. Maraq kəsb edən bir cəhət həmçinin bundan ibarətdir ki, Səfəvilər və Əfşarlar sülalələri hakimiyyəti zamanında Böyük Moğol dövləti ilə siyasi, iqtisadi və mədəni münasibətləri çox geniş və əhatəli olmuşdur. Səfəvi-Moğol qarşılıqlı əlaqələrinin qurulması, Babur şahla Şah İsmayılın münasibətləri, Səfəvi hökmdarı Şah I Təhmasibin dövründə Səfəvi-Moğol əlaqələri geosiyasi-tarixi nöqteyi-nəzərdən böyük maraq kəsb edir. Nadir Şah Əfşarın Böyük Moğol dövlətləri ilə əlaqələri, onun Hindistana yürüşləri Qərb müəlliflərinin əsərlərində geniş yer alır.

Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsindədir. Göründüyü kimi, Azərbaycan və Pakistan son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, habelə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olunması əsas məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında əlaqələr daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Pakistan Azərbaycana qardaş, dost ölkədir və bu münasibət qarşılıqlıdır. Hər iki ölkənin münasibətlərinin tarixi keçmişinə nəzər salarkən tam əminliklə deyə bilərik ki, Azərbaycan-Pakistan dostluğu sarsılmazdır.

Emin QASIMOV,

"Respublika".