Zabux sakini: Zabuxda köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb
MÜSAHİBƏLƏR

Zabux sakini: Zabuxda köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi müharibə cinayətinin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Laçın rayon Zabux kənd sakini Məhər Quliyev söyləyib.

O qeyd edib ki, Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da keçmişdən köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb, onların Azərbaycan ərazilərinə qarşı olan iddiaları yersizdir.

Tezliklə doğma yurdlarına qayıdacağını bildirən M.Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Zabux və Sus kəndlərinin sakinləri fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.

AZƏRTAC