Yuxarı Şirvan kanalı respublika əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektidir
İQTİSADİYYAT

Yuxarı Şirvan kanalı respublika əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektidir

Ölkəmizdə elə su kanalları var ki, onlarca rayona xidmət edir. Əkin sahələrini suvarır, əhalini içməli su ilə təmin edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, 64 il öncə istifadəyə verilən Yuxarı Şirvan Kanalı da onlardan biridir. Başlanğıcını Mingəçevir Su Anbarından götürən kanala su baş qurğu vasitəsilə ötürülür, maksimum su aparma qabiliyyəti saniyədə 78 kubmetrdir.

2022-ci ilin əvvəlindən bu günə kimi Yuxarı Şirvan Kanalı vasitəsilə anbardan 1148 milyon kubmetr su götürülüb və onun 1044 milyon kubmetri istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur. Kanal öz xətti boyunca səkkiz çayla kəsişir. Bunlar Əlicançay, Türyançay, Göyçay çay, Dəvəbatan çay, Girdiman çay, Nəzirçay və Ağsu çaylarıdır.

Kanala 2022-ci ildə daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Sürüşmələr əsasən kanalın keçdiyi Göyçay və Ağdaş ərazisində qeydə alındığına görə, yaxınlıqdan keçən dəmir yolu və avtomobil yoluna təhlükə yaranıb. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən təxirəsalınmaz işlərə başlanılıb.

Suvarma məqsədilə inşa edilən kanalın 95 kilometrdən artığı torpaq məcralı, 27 kilometri isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 kilometr, Göyçay-İsmayıllı ərazisindən keçən hissədə 15 kilometr, Ağsu-Kürdəmir ərazisindən keçən hisssədə 15 kilometr ərazi lildən təmizlənib. Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 metr uzunluğunda 90 min kubmetr məcratənzimləmə işləri görülüb.

Qeyd edək ki, Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 kilometrdir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min hektar əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Hacıqabuldur.

Nəriman CAVADOV,

"Respublika".