Yurdun nicatı oğullar
Region

Yurdun nicatı oğullar

Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Nicat Ziyafət oğlu Hüseynovun doğum günü anadan olduğu, böyüyüb boya-başa çatdığı Şirvan şəhərində qeyd olundu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər icra hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhidin bir vaxt əmək fəaliyyəti göstərdiyi "Şirvan Araz zavodu" MMC-nin direktoru Rəhman Mehdiyev, şəhid ailələri, dostları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidin məzarı üzərinə tər gül dəstələri düzdülər.

Şəhidin məzarı önündə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov canını Vətənə qurban verməkdən çəkinməyən belə bir qəhrəman oğul böyütdüyü üçün Nicatın anası Zümrüd xanıma minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, şəhid analarına səbir arzuladı. Müharibədə bir nəfər əsgərin belə döyüş meydanını tərk etməməsinin, silah-sursatla yanaşı, yaralı döyüş yoldaşlarını da çiynində daşımasının, dövlət-ordu-xalq birliyinin dünyanın aparıcı dövlətlərini və mətbuatını heyran qoyduğunu xatırlatdı. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Nicatın da döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyini diqqətə çatdırdı. "Şirvan Araz zavodu" MMC-nin direktoru Rəhman Mehdiyev şəhid adının müqəddəsliyindən bəhs edərək, xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə şəhidlərimizə borclu olduğumuzu söylədi. Nicatın necə vətənpərvər, mərd oğul olduğunu, işinə hər zaman məsuliyyətlə yanaşdığını, kollektivdə qısa müddətdə böyük nüfuz və hörmət qazandığını bildirdi.

Sonra tədbir iştirakçıları Nicat Hüseynovun vaxtilə işlədiyi "Şirvan Araz zavodu" MMC-də oldular və onun xatirəsinə həsr olunmuş guşədə büstü önünə tər gül dəstələri düzdülər.

Tədbir "Şirvan Gənclər Evi" Sosial Xidmət Müəssisəsində davam etdirildi. Qəhrəman şəhidimiz Nicat Hüseynovun təhsil aldığı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimləri Nicat haqqında xoş xatirələrini bölüşdülər, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Şəhidin anası Zümrüd Hüseynova övladı ilə fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Sonda Gənclər Evi tərəfindən şəhid Nicat Hüseynov haqqında hazırlanmış video material nümayiş olundu.

Tofiq HÜSEYN,

"Respublika".