Yurdun mübariz oğulları
Region

Yurdun mübariz oğulları

Dağlar diyarı Yardımlı rayonu həmişə öz qəhrəman övladları hesabına yaxşı ad qoymuşdur. Vətən müharibəsində canı bahasına qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə sevinci yaşadan minlərlə qeyrətli oğullar sırasında Yardımlı gəncləri də vardır. Azərbaycanın bütövlüyü uğrunda müharibə meydanında son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan  Şamil Mirzəyevin və Siruz Şirbəylinin   adları indi  bu dağlar diyarında böyük qürurla çəkilir. Öz şərəfli  ölümləri ilə millətinə başucalığı gətirən, milyonların  ürəyində əzəmətli abidə ucaldan hər iki şəhidin əziz xatirəsi ehtiramla anılıb.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və Birinci, İkinci Qarabağ müharibəsi veteranlarının  qatıldığı  mərasim iştirakçıları  şəhidlərin məzarlarını ziyarət edib,  ehtiram əlaməti olaraq təzə güllərdən çələng düzüblər.  

Mərasimdə Vətəni canından üstün tutan  şəhidlərin şərəfli ömür və döyüş yolundan, odlar yurdu, dahilər beşiyi Azərbaycanımızın  ərazi  bütövlüyü  uğrunda gedən 44 günlük haqq savaşımızda  göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar. O, da bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz,  onu qazananlar isə qürur mənbəyimizdir. Şəhidlərin ömür yolları nə qədər qısa olsa da, gələcək  nəsillərimiz üçün  örnək olacaq bir tarix yazıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinə daim ehtirama  görə  hər kəsə  minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Şamil Mirzəyevin döyüşdə  göstərdiyi şücaətə görə  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına  görə  medallarla  təltif edilib. Vətən sevdalı  Siruz Şirbəyli  isə   “Vətən uğrunda”, Xocavəndin,  Şuşanın azad olunmasına görə medallara  layiq görülüb.

Zəfər ORUCOĞLU.