Yurdun mərd oğulları
Region

Yurdun mərd oğulları

Vətən müharibəsində hünər göstərib  şəhid olan  Cavad Cavid oğlu Hüseynov ömrünün 22-ci ilini yaşayırdı. Gələcəkdə onu gözəl günlər gözləyirdi. O, canını vətənə qurban etməyi hər şeydən üstün bildi...  

Cavad  Lerik rayonunun   dağlar qoynuna sığınan, dağ vüqarlı, dağ qürurlu igidlər məskəni olan Çayrud kəndində dünyaya göz açmışdı.  3 yaşı olanda valideynləri ilə birgə Sumqayıt şəhərinə köçürlər.  Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34  saylı tam orta məktəbində  oxuyur.  Güləşə maraq göstərir,   gözəl rəsmlər çəkir. 9-cu sinifdə oxuyarkən asfalt üzərində tabaşir ilə "Ana fəryadı" rəsmini çəkərək Sumqayıt şəhəri üzrə 1-ci yerə layiq görülür.  2016-cı ildə orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olur.

Cavad 2019-cu ildə Vətən qarşısında borcunu vermək üçün hərbi xidmətə gedir.  Goranboyda, Ağdamda, Tərtərdə göstərdiyi nümunəvi xidmətlə fərqlənir. Əsgərlər, komandirlər onun vətənpərvərliyinə heyran qalırlar. 

Vətən müharibəsi başlandığı gündən  Cavad  döyüşlərə qatılır.  Düşmənə qarşı mərdliklə vuruşub, onların xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman  oktyabr ayının 17-də Suqovuşan ərazisində gedən şiddətli döyüşlərdə “Vətən sağ olsun”, - deyə canından keçir. Müharibə zamanı göstərdiyi  şücaəti, rəşadəti onun adını Azərbaycanın şanlı zəfər  tarixinə salır.  Həm də böyük bir xalqın ürəyində əbədiyyət qazanır.

İgid əsgərin   döyüş  yoldaşları onun haqqında qürurla, iftixarla danışırlar. Deyirlər ki, Cavad çox mərd, cəsur, qorxmaz, eləcə dostluqda sədaqətli  idi.  Ən ağır müharibə meydanlarında həmişə  öndə gedərdi.  Dığalara sarsıdıcı zərbələr vurmaqla, bizi də  yalnız qələbəyə aparırdı.  30 il əsarətdə qalan Qarabağı Cavad kimi  Vətən  sevdalıların hünəri ilə azad etdik.

Cavad  Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.  Doğma Azərbaycanın  hər qarışını özünə əziz bilən igid Vətən oğlunun uyuduğu  yer isə Sumqayıt Şəhidlər Xiyabanıdır.

Zəfər  ORUCOĞLU.