Yurdun mərd oğlu
Region

Yurdun mərd oğlu

İnam, inanc yerimiz Vətəndir,  onun uğrunda həlak olmaq qəhrəmanlıqdır, ona görə də ən böyük zirvə şəhidlik hesab olunur.  Şəhidlər hünər göstərərək bayrağımızı enməyə qoymadılar, öz qanları ilə onu əbədi ucaltdılar.  Ötən ilin payızında cəbhədə ağır döyüşlər gedir,  düşmən müqavimət göstərirdi.  Ermənistan ordusu həmin vaxt Ağdam rayonunun kəndlərini aramsız olaraq atəşə tutur, evlər dağılır,  dinc insanlar həlak olurdu. Müharibə dəhşətləri görmüş ağdamlılar ölümsaçan mərmilərin altında yaşayır, ordumuza dəstək olurdular.

Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb.  Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi, 30 il ərzində həmin yerlərdə  istehkamlar qurmuşdu.  O istehkamları yarıb keçmək, müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi.  Qəhrəman döyüşçülərimiz bunun öhdəsindən ləyaqətlə gəldilər.  Həmin igid oğullardan biri də İsrafil Zülfüqar oğlu İbrahimovdur.

Qısa və şərəfli bir yol keçən,  igidliyi, Vətən sevdasını, yurd məhəbbətini, torpaq eşqini  23 illik ömrünə sığışdıran İsrafil  İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə atılıb.  Azərbaycan Ordusunun kiçik çavuşu  İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində şəxsi nümunə göstərib, qoçaqlığı, peşəkarlığı ilə seçilib. Düşmənin canlı qüvvələrinə zərbə vuran İsrafil  Cəbrayılın,  Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.  Oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlər zamanı Səfiyan kəndi istiqamətində şəhid olub.

Qəhrəmanlığı və şücaəti ilə fərqlənən İsrafil 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub.  Əslən Ağdam rayonunun İmamqulubəyli kəndindəndir.  Vətənpərvər ruhlu bir ailədə dünyaya göz açan İsrafil doğma torpaqların azad edilməsi uğrunda öz canını qurban verdi. Şəhidliyə gedən yolda heç kirpiklərini belə qırpmadı, düşmənin üzərinə qisas və intiqam hissi ilə yeridi. Sinəsini Vətənə sipər etdi.

Şəhidin əmisi,  görkəmli muğam ustası,  dəyərli ziyalı,  Azərbaycanın Xalq artisti Mənsum İbrahimov deyir ki,  ailəmiz Vətən müharibəsində iki şəhid verdi.  Qardaşımın oğlu və xalamın nəvəsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldular.  Onların ruhu bu gün çox şaddır.  27 ildir ki,  həsrətini çəkdiyim,  səsimi qazandığım o torpağa qovuşuram. Orada doğulmuşam,  böyümüşəm,  canım,  qanım ilə Ağdamın zərrəsiyəm.  Düşmən üzərində elə zəfər çalmışıq ki,  dünyada tayı-bərabəri yoxdur. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuz hərb tarixində sözün əsl mənasında bir dastan yazdı. Özümüz öz gücümüzə torpaqlarımızı mənfur düşməndən azad etdik.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kiçik çavuş İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

İgid oğullarımızın qanı tökülən yurd yerlərimiz işğaldan azad edilib. Şanlı Azərbaycan ordusu müharibədə misli görünməyən zəfər qazanıb.  İsrafil həmin günü görməsə də yəqin ki,  ruhu dinclik tapıb. Canından artıq sevdiyi ata-baba yurdu işğaldan azad edilib.                                                                   

Salman ALIOĞLU,

"Respublika".