Yurdun igid, qartal balası
Region

Yurdun igid, qartal balası

İkinci Qarabağ müharibəsində minlərlə qəhrəman oğullarımız kimi, Ramin Muxtar oğlu Əliyev də Vətən torpaqlarının azadlığı uğrunda mübarizə meydanına atılır. Ömrünün 43-cü ilində əbədiyyətin ən uca zirvəsinə ucalır.

Və bu şərəfli ölümü ilə təkcə doğulub boya-başa çatdığı Astara rayonunun Maşxan kəndində yox, canından artıq sevdiyi bütün Azərbaycanda ad qoyur. Millətinə başucalığı gətirən igidin haqq savaşımızda göstərdiyi şücaəti dövlət tərəfindən ölümündən sonra "Vətən uğrunda" və digər medallara layiq görülür.

Ramin Əliyev ordu sıralarına yola düşəndə yeganə arzusu yağı düşmənlə son damla qanına qədər vuruşub torpaqların, şəhid Vətən övladlarının qisasını alacağı olur. Qısa müddətdə hərbi hissədə nümunəvi xidməti, təlim məşqlərində döyüş bacarığı ona hörmət qazandırır. Ən əsası cəsurluğu, çevikliyi, Vətəninə, xalqına sonsuz sevgisi komandirlərin diqqətindən yayınmır, onu Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə oxumağa göndərirlər. Burada hərb elminin sirlərinə daha da yaxından bələd olan Ramin baş çavuş rütbəsində Vətənə xidmət borcunu davam etdirir.

Vətən müharibəsi başlanan günü tank əleyhinə bölüyün komandiri, baş çavuş Ramin düşmən üzərinə qartal kimi şığıyır. Ermənilər ciddi itkilərlə qaçırlar. Beləcə cəsur döyüşçü müharibə meydanında dığaların kabusuna çevrilir.

Vətənin qartal balası Murovdağ istiqamətində gedən döyüşdə sözün əsl mənasında rəşadət göstərir. Bu, son döyüşü olsa da, düşməndən istədiyi qisası ala bilir. Sinəsini qəfil atılan gülləyə sipər edən Ramin "Vətən", - deyib gözlərini əbədi yumur. Onun bu şərəfli ölümü millətinə başucalığı gətirir.

Zəfər ORUCOĞLU.