Yurdumuza qayıdış haqqımızdır
Region

Yurdumuza qayıdış haqqımızdır

Qax rayonunun Turaclı kəndi doğma torpaqlarından didərgin düşən soydaşlarımızın yeni yaşayış məskəni  kimi tanınır. Çünki ata-baba yurdu olan Qərbi Azərbaycan torpaqlarından didərgin salınan qardaş-bacılarımızın bir hissəsi xeyli müddətdir ki, bu kənddə yaşayaraq təsərrüfatla geniş məşğul olurlar. Normal yaşayış üçün hərtərəfli şəraitlərinin olmasına baxmayaraq, torpaq həsrəti ilə yaşayırlar. Məhz bu səbəbdən Prezident İlham Əliyevin ötən il dekabrın 24- doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşündə səsləndirdiyi dəyərli fikirlər  yurd həsrəti ilə yaşayan bütün insanlar kimi, kənd sakinlərinin ürəyinə məlhəm olub. Dövlət başçısının dünyaya ismarışını ikinci həyat kimi dəyərləndirən sakinlər tezliklə əzəli torpaqları olan yurdlarına qayıdacaqları anı səbirsizliklə gözləyirlər. Həmsöhbət olduğum sakinlər bu fikirlərini sevinc hissi ilə ifadə etdilər.

Nəcəf  Mirzəyev:

- 1963- ildə Dərələyəz mahalında anadan olmuşam. Didərgin düşdüyümüz vaxt indi yadımdadı. Soyuq hava idi, ermənilərin işğalı nəticəsində yurdumuzu tərk etməyə məcbur olduq. Olmazın müsibətlərlə qarşılaşsaq da, yurdumuzu bir an belə unutmurduq. Rəhmətlik İsaq dayım həmişə deyirdi ki, narahat olmayın, zaman yetişəcək, yurdumuza qayıdacağıq. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər qələbəsi bizi xeyli sevindirdi. Bundan sonra Qərbi Azərbaycan ərazisində olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə olan əminliyimiz çox yüksəldi. Cənab Prezidentimizin yeritdiyi siyasət, həyata keçirdiyi məqsədyönlü işlər   icmamızın üzvləri ilə görüşündə dediyi sözlər bizləri sonsuz dərəcədə sevindirdi, yurdumuza qayıdacağımıza əminliyimizi artırdı. Artıq indi biz ailədə yaxınlarla bu barədə mütəmadi  söhbət edir, qayıdış üçün planlarımızı müəyyənləşdiririk.

Nəzifə Cabbarova

- Qərbi Azərbaycanın Arazdəyən mahalında yaşayırdıq. Zaman-zaman ermənilərin düşmən münasibətinin şahidi olurduq. Normal yaşamağımıza imkan vermirdilər, məqam düşən kimi azərbaycanlıları sıxışdırırdılar. Körpə uşaqlarımla birlikdə qışın şərt vaxtı torpaqlarımızdan didərgin düşdük, sağlamlığımızı bütün təsərrüfatımızı itirdik. Dünyasını dəyişən valideynlərimiz əzizlərimiz son ana qədər bu anın reallaşacağını vurğulayırdılar. Şükürlər olsun bu günümüzə, respublika Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşündə səsləndirdiyi fikirlər arzularımızı çin etdi. Biz tam əminik ki, əzəli torpaqlarımıza qayıdacağımıza lap az qalıb. Sevinirəm ki, bizdə olan bu əminlik tezliklə reallaşacaq yurdumuza qayıdaraq o yerlərin havasını udacaq, suyunu içəcək əvəzsiz nemətlərindən bəhrələnəcəyik

Əlisahib Mirzəyev:

- Qərbi Azərbaycanın Dərələyəz mahalında yaşayırdıq. Valideynlərimizin taleyinə iki dəfə didərginlik ömrü yaşamaq qismət olub. 1948-ci ildən 1953- ilə qədər Salyan rayonunda  məskunlaşıblar. Ancaq dağdan arana gələn insanların çoxu iqlim dəyişikliyi ilə əlaqədar qısa zamanda dünyasını dəyişib. Təsərrüfatları məhv olub. Yaşamaq üçün yurdlarına qayıtsalar da yenidən didərgin düşüblər. Çünki insanlığa qənim kəsilən erməni silahlı qüvvələri azərbaycanlıların doğma torpaqları olan bu ərazilərdə yaşamalarına imkan verməyiblər. Növbəti dəfə isə böyüklərimiz Qax rayonunda məskən salmaq qərarına gəliblər. Ulu öndər Heydər Əliyevin siyasəti yüksək qayğısı sayəsində yaşamaq üçün özümüzə yaxınlarımıza normal şərait yarada bilmişik. Bu gün isə  Prezident İlham Əliyevin rəhbərliyi sayəsində doğma ocaqlarımıza qayıdış anını səbirsizliklə gözləyirik.

Hamımızın böyük təsərrüfatı var. Amma torpaqlarımızdan ötrü burnumuzun ucu göynəyir. Yurdumuza qayıtmaq, dədə-babalarımızın məzarını ziyarət etmək, ruhlarını şad etmək, bulaqlarımızdan doyunca su içmək arzusundayıq.

Prezidentin Qərbi Azərbaycan  İcması ilə görüşünü hamımız sevinc hissilə qarşıladıq. Çünki qüdrətli rəhbərimizin olduğuna görə  çox xoşbəxtik. Prezidentimiz ulu öndərimizin ideyalarına uyğun olaraq torpaqlarımızı azad edərək  qürurumuzu yüksəldib. Yurdumuza qayıdış isə haqqımızdır. Bunu dünya ictimaiyyəti bilməlidir.

M.NƏRİMANOĞLU,

"Respublika".