Yurda qayıdış hər birimizin arzusudur
MÜSAHİBƏLƏR

Yurda qayıdış hər birimizin arzusudur

Azərbaycan Prezidenti İlham Əliyev 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə çox mühüm məqamlara toxundu. Qərbi azərbaycanlıların tarixi torpaqlarından didərgin düşməsinin səbəblərini açıqladı və xalq cümhuriyyəti dövründə Azərbaycanın tarixi qədim İrəvan şəhərinin Ermənistana dövlət yaratmaq üçün güzəştə gedilməsi faktını bir daha səsləndirərək bunun böyük xəyanət olduğunu söylədi. Həmçinin, tariximizi öyrənməyin, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması üçün xüsusi qayıdış konsepsiyasının hazırlanmasının vacibliyini  vurğuladı.

Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda ermənilər gəlmə xalqdır, böyük dövlətlərin layihəsi olaraq Ermənistan dövləti yaradılıbdır, əslində Türkiyə  Osmanlı ərazisində planlaşdırılan Ermənistan daha sonradan məhz Cənubi Qafqazda Azərbaycan torpaqlarında yaradıldı və 1918-ci ildə Cənubi Qafqazda Azərbaycan Xalq Cümhuriyyəti, Tiflisdə Gürcüstan müstəqil dövləti, həmçinin Azərbaycan torpaqlarında İrəvan şəhəri paytaxt olmaqla Ararat dövləti yarandı. Daha sonradan bu ərazilərdə Ermənistan formalaşdırıldı və Azərbaycan torpaqları hesabına ilk baxışla İrəvan və onun ətrafındakı 9 min kvadratkilometr ərazi, sonradan isə Qərbi Zəngəzur Ermənitan ərazilərinə birləşdirildi və nəticə etibarilə hazırkı Ermənistan dövləti mövcud oldu. Bildiyiniz kimi, azərbaycanlılar hansı ki, Qərbi Azərbaycanda indiki Ermənistan ərazilərində yaşayırdılar və onlar mərhələli şəkildə 1905, 1918, 1920-ci illərdə, daha sonra 1948-53-cü illərdə növbəti deportasiyaya məruz qaldılar və bütün bunlarla yanaşı, Ermənistan SSRİ və Azərbaycanlılara qarşı xüsusi və fərqli bir siyasət yürüdülürdü, hədəf, məqsəd azərbaycanlıların bu əraziləri tərk etməsi idi, onlara qarşı ikili standartlar, onlara qarşı sərt münasibət bəslənilirdi və ən nəhayət, 1988-ci ildə yenidənqurma bəhanəsi adı altında Qərbi Azərbaycandan sonuncu deportasiya reallaşdı və 300 mindən çox Qərbi azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşdü.

Çox təəssüflər olsun ki, sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan gəlmiş soydaşlarımızın Qarabağ torpaqlarına yerləşdirilməsinə ovaxtkı Azərbaycan rəhbərliyi icazə vermədi, çünki hədəf, məqsəd həm Qərbi azərbaycanlıların Ermənistan torpaqlarından qovulması, həm də  növbəti mərhələdə Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi idi. Bu baxımdan da Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın Qarabağda yerləşdirilməsinə icazə verilmədi, Qərbi Azərbaycandan gəlmiş soydaşlarımız çətinliklə Azərbaycanın müxtəlif rayon və şəhərlərində yerləşdilər, onları kompakt olaraq bir yerə toplamaq, bir yerdə onlara yer vermək rəhbərlik tərəfindən müsbət baxılmadı və nəticə etibarilə Qərbi azərbaycanlılar növbəti dəfə öz acı talelərini yaşamaq məcburiyyətində qaldılar. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə qayıtdıqdan sonra Qərbi azərbaycanlıların problemləri ilə real məşğul olmağa başladı, Qərbi azərbaycanlıların didərgin düşməsi ilə bağlı deportasiyaya uğramasına siyasi qiymət verilməyə başladı və nəticə etibarilə  Qərbi azərbaycanlılar müəyyən dərəcədə özlərini daha rahat  hiss etməyə başladı. Ancaq bütün bunlara baxmayaraq Qarabağda baş verən münaqişə, həyata keçirilən müharibə və Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi Azərbaycanın Qərbi azərbaycanlılara və Qərbi Azərbaycan probleminə diqqəti daha çox ayırmağına imkan vermədi, ilkin mərhələdə hədəf, məqsəd məhz Qarabağın ətrafında olan 7 rayonun işğal edilməsi idi və bu baxımdan da ötən 30 il ərzində Azərbaycanın əsas strategiyası, əsas hədəfi Qarabağ  və ətrafındakı ərazilərin işğaldan azad olunması idi.

Dövlətimizin başçısı İlham Əliyevin məhz 24 dekabr tarixində öz doğum günündə  Qərbi azərbaycanlılarla, Qərbi Azərbaycan icmasının, Qərbi Azərbaycan ziyalılarının bir qrupu ilə görüşməsi, Qərbi Azərbaycan İcmasının yeni binasının açılışı və orada yaradılmış şəraitlə tanış olması rəmzi məna daşıyırdı.  Orada cənab Prezident konkret olaraq azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış konsepsiyasının hazırlanmasını səsləndirdi. Yeni konsepsiyanın hazırlanması  ilə bağlı təbii ki, proseslərə daha real yanaşmalıyıq. Cənab Prezidentin sözlərinə də nəzər yetirsək və onun söylədiyi fikirlərdən belə bir nəticə əldə etmək olar ki, biz bu konsepsiyanı hazırladığımız zaman  mütləq yeni reallıqlardan çıxış etməliyik, ilk növbədə unutmamalıyıq ki, Qərbi Azərbaycan torpaqlarının azərbaycanlıların tarixi torpaqları olması ilə yanaşı, mövcud Ermənistanın əraziləri daxilindədir və beynəlxalq hüquq çərçivəsində bu ərazilər Ermənistan ərazisi hesab edilir. Bu baxımdan da beynəlxalq hüquq və beynəlxalq konvensiyalara mütləq əməl etməliyik və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması üçün beynəlxalq hüquqa söykənərək, sülh prinsipinə dayanaraq konsepsiyanın hazırlanmasına başlamalıyıq və bu konsepsiyada bunlara mühüm yer ayrılmalıdır. Bir sözlə, Qərbi azərbaycanlıların qaçqınlıq statusundan istifadə edilməsi və öz dədə-baba yurdlarına qayıtması üçün əsaslar formalaşdırılmalıdır. Bütün bunlar üçün ilk növbədə Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin düşməsi ilə bağlı faktların tək daxili auditoriyaya, türkdilli dövlətlərin ərazisinə deyil, ümumiyyətlə, bütün dünyada, beynəlxalq təşkilatlarda qəbul oluna biləcək dəlil sübutların və bazanın yaradılması çox böyük şərtdir. Azərbaycan tarixinin, xüsusilə Qərbi Azərbaycanla bağlı tarixin xarici auditoriya üçün də yenidən işlənməsinə böyük ehtiyac var. Azərbaycan toponimlərinin məhz Ermənistan tərəfindən dəyişdirilməsini sübut edən xəritələr, tarixi faktlar, arxiv materiallar yenidən nəzərdən keçirilməli və xarici auditoriya üçün də hazırlanmalıdır. Beynəlxalq təşkilatların, digər dövlətlərin, xarici ekspertlərin və tarixçilərin bu məsələlərə rəy verməsinə və yer ayırmasına çalışmalıyıq və bütün bunlarla yanaşı, Qarabağ, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması üçün lazımi addımlar mütləq atılmalıdır. Bir sözlə, biz bu konsepsiyanı hazırlayacağımız zamanı bütün bu söylədiklərim məqamlara diqqət yetirməliyik, fikir yetirməliyik və çalışmalıyıq ki, hazırda onsuz da boş olan vaxtilə azərbaycanlıların yaşadığı o kəndlərə soydaşlarımızın qayıtması üçün bir zəmin yaradaq, zəmin formalaşdıraq.  Keçmiş məcburi köçkünlər Qarabağa tam qayıtdıqdan sonra, məhz Qərbi Azərbaycandan olan soydaşlarımızın da öz dədə-baba yurdlarına qayıtması üçün lazımi şəraiti formalaşdıra bilək. Xüsusilə də 1988-ci ildə və 1948-53-cü illərdə bu torpaqlardan didərgin düşmüş, deportasiya edilmiş şəxslərin bütün sənədləri, arxiv materialları mövcuddur, onlar hazırlanmalıdır, onların həmin sənədlər əsasında kimlərin yaşadığı, kimlərin bu həyatda olduğu və yaxud oradan didərgin düşmüş, deportasiya olunmuş insanların övladlarının, nəvələrinin, nəticələrinin siyahıları hazırlanmalıdır və həmin siyahılar əsasında da vaxtilə yaşadıqları ünvanlarda, kəndlərdə, şəhərlərdə, rayonlarda onların yaşaya bilməsi üçün xüsusi plan hazırlanmalıdır.

Bir sözlə, cənab Prezident İlham Əliyevin məhz 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər, azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin düşmələrinin xronologiyasını dolğun və ətraflı dilə gətirməsi, daha sonra ziyalılarımızın öz xatirələrini və tarixi faktlarını söyləməsi, düşünürəm, bizim üçün çox böyük bir yol xəritəsidir. Biz bu yol xəritəsindən çıxış edərək Qərbi azərbaycanlıların həmrəyliyini, Qərbi azərbaycanlıların birliyini formalaşdırmalıyıq və ən əsas məsələ necə ki, Qarabağ işğaldan azad olunana qədər bütün azərbaycanlılar bir hədəfə kökləndilər, dəmir yumruq oldular, eləcə də Qərbi azərbaycanlılar da bu məsələdə birlik nümayiş etdirməlidir. Bütün azərbaycanlılar, dünyada yaşayan 50 milyondan çox Azərbaycan məhz Qərbi Azərbaycan üçün birləşməlidir və biz birlikdə bu hədəfimizə də nail olmalıyıq. Biz çox sevinirik ki, cənab Prezident, ulu öndər Heydər Əliyevin bütün vəsiyyətlərini mərhələli şəkildə reallaşdırır və mən inanıram ki, Qərbi azərbaycanlıların da ən böyük arzusu olan öz dədə-baba yurdlarına qayıtmaq istəyini də cənab Prezident mütləq yerinə yetirəcəkdir. Bu ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Hər bir Qərbi Azərbaycanda doğulmuş soydaşlarımızın, onların nəvə və nəticələrinin öz dədə-baba yurdlarına qayıtmasını istəyir. Biz bunun yalnız istək olaraq qalmasını yox, bu istəyə çatmaq üçün əl-ələ verib birlikdə işləməyimizi, birlikdə çalışmağımızı şərt hesab edirəm və mən düşünürəm ki, biz buna da nail olacağıq. Azərbaycan bu böyük yükün də altına giribsə, mütləq bu yükü də qaldıracağıq, və geci-tezi Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıdacaqdır. Cənab Prezident İlham Əliyev Azərbaycan tarixinə, dünya tarixinə adını yazdırmış bir sərkərdədir. 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə səsləndirdiyi fikirlər bizə ümid verir ki, Prezident, Ali Baş Komandan gələcək hədəflərimizi müəyyənləşdiribdir.

Naqif HƏMZƏYEV,

millət vəkili.