Yurd sevgisi
Sosial həyat

Yurd sevgisi

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də əslən Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndindən olan kapitan Pənahov Əkbər Bəylər oğludur.

Azərbaycan Ordusunun kapitanı Əkbər Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Ağır döyüşlər zamanı sentyabrın 27-də Murovdağ döyüşlərində itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10 iyul 2021-ci il tarixində nəşi tapılıb. Şəhid Əkbər Pənahov 12 iyul tarixində 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Şəhid kapitan Əkbər Pənahov Vətən müharibəsinə qədər N saylı hərbi hissədə xidmət edirdi. Müharibənin başladığı ilk andan vuruşa atılıb və Murovdağ yüksəkliyində döyüşlərdə iştirak edib. Şəhidin anası Mayiqə Alməmmədova deyir: O, bəlkə də bilirdi vətən, torpaq uğrunda savaşacaq, amma bunu açıqlamırdı. Çox sirli idi, heç nəyi büruzə vermirdi. Sonra bildik ki, oğlum vətəni seçdi, vətəni sevdi. Harada qulluq edirdisə, onu orada çox istəyirdilər. Hamıya hər şey yaxşı olacaq deyirdi. Onun ən böyük arzusu Vətəni bütöv görmək idi. Kiçik yaşlarından hərbiyə marağı olduğundan hərbi məktəblərdə təhsilini davam etdirirdi.

Onu tanıyanlar, yaxın qohumları da deyir ki, ona Vətən, yurd sevgisi ailəsindən keçib. Atası Bəylər Pənahov da 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Ehtiyatda olan hərbçi və şəhidin qohumu Etibar Cəfərov: "Vətənə o qədər bağlı idi ki, bəlkə də atasından, anasından daha çox vətəni sevirdi. Deyirdi Vətən də anadır". Əkbər Pənahov hərbi qulluqda səmərəli fəaliyyətinə görə 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci il tarixində "Azərbaycan Ordusunun 100 illiyi" medalına layiq görülüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərib vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əkbər Pənahov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Qəhrəman şəhidimizin qoyub getdiyi övladları Rəsul və Cavidan isə indi bu Vətənə əmanətdir.

Əli SADIQOV,

"Respublika".