Yurd deyəndə qəlbim qubar eyləyir
Region

Yurd deyəndə qəlbim qubar eyləyir

Elə bir yer, elə bir yurd itirmişik ki, 80 ilə yaxındır ki, bizi göyüm-göyüm göynədir, doğma yerlərin adı çəkiləndə qəlbimiz qubar eyləyir, dağlarında, qayalarında izimiz qalan, əcdadlarımızın ruhu dolaşan yavru vətən hər an bizi səsləyir. Düşmənlərimiz fitnə-fəsadla, şər-şeytanla, hiyləgərliklə, min bir oyun quraraq böyük bir eli viran qoydular, elə bildilər ki, bu el daha dirilən, dirçələn deyil. Yanıldılar... Sinəsindən və kürəyindən yaralanan bu el yenidən ayağa qalxa bildi, bütün haqsızlığa, faciələrə sinə gərdi, hər kəs ürəyində, qəlbində, bütün varlığında itirdiyi yurd yerlərini yaşatdı. Bizə beşik olmuş, qibləmizi, izimizi köksündə yaşadan doğma yurd haqqındakı xəyallarımızın, arzularımızın üstünə yenidən işıq düşür, Qərbi Azərbaycana qayıdış üçün çox önəmli işlərə başlanılıb. İnsanın doğulub boya-başa çatdığı torpaq ona çox əzizdir, harada yaşamasından asılı olmayaraq o doğulduğu eli, obanı, ev-eşiyini unuda bilmir.

1949-cu ildə düşmən Ermənistanın deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Gilanlar kəndindən didərgin düşən Xanlar Bayramov həyəcanla, ümidlə, inamla, həm də sevinclə danışaraq deyir:

- Prezidentimiz İlham Əliyev Qərbi Azərbaycan haqqında danışanda çox sevindim, şükür etdim, inanın ki, elə bil, qol-qanad açdım uçmağa. Çünki mənim ürəyimdə nisgil, yurd həsrəti, torpaq dərdi var. Mən o torpağı görmək istəyirəm. Əcdadlarımızın, ata-babalarımızın söylədiklərinə və tarixi faktlara görə lap əzəldən o yerlərdə ermənilər yaşamayıb. Onlar bu torpaqlara gəlmədirlər. Ötən əsrin 40-cı illərindən başlayaraq keçmiş sovet hökuməti xaricdən erməniləri gətirib tökdülər bizim kəndə. Bizim evimizin bir gözünü alıb məcbur verdilər bir erməni ailəsinə. Bir il öz həyətimizdə ermənilərlə yaşadıq.

Dünya görmüş, ömrünün ahıl çağını yaşayan Xanlar kişinin 85 yaşı var. Doğma torpaqlardan söz düşən kimi kövrəlir, göz yaşlarını saxlaya bilmir. Bu yaşlı insanın torpaq, yurd məhəbbəti böyük bir həqiqəti göstərir, azərbaycanlılarda evə, ocağa, yurda bağlılıq çox güclüdür, böyük Vətən onların varlığından, bətnindən başlayır. Xanlar kişi deyir ki, o torpaqlar maqnit kimi çəkir, elə bil məni çağırır və yurduma quş kimi uçub getməyə hazıram. Həmyerliləri kimi deportasiya illərində həyatın çox ağır şərtləri altında yaşamağa məcbur olub. Deyir ki, təmiz dağ havasına, bulaq suyuna öyrəşmiş insanları Aran torpağına köçürməkdə məqsəd onların məhv edilməsi olmuşdur. Dağ adamları qorabişirən istilərə dözməyərək tələf olub, qalanlar isə müxtəlif xəstəliklərə yoluxub, iqlimə uyğunlaşmaqda çətinlik çəkiblər.

Otuz beş il bundan əvvəl Ermənistanın azərbaycanlılara qarşı törətdiyi deportasiya və etnik təmizləmə yüz minlərlə insanın həyatını alt-üst etdi, ermənilərin köçürülmə adı altında törətdikləri təcavüz nəticəsində dinc insanlar dədə-baba yurdlarından, evlərindən didərgin düşdülər, qaçqın taleyi yaşadılar, çoxları didərginliyə, ayrılığa, həsrətə dözə bilməyib dünyasını dəyişdi. İlahi bir güc minlərlə insanın ömrünün hər anına, hər dəqiqəsinə nə vaxtsa doğma yurda qayıdacağı ümidi gətirdi. Vedi rayonunun Bayqut kəndindən olan Nizami Allahverdiyev 1988-ci ildə həmkəndliləri ilə birlikdə ermənilərin silahlı hücumları, terror aktları nəticəsində doğma torpaqlarından, əzəli yurd yerlərindən didərgin düşüb. Nizami həmin təhlükəli günləri xatırlayaraq deyir ki, şaxtalı-qarlı dekabr ayında erməni silahlı dəstələri, daşnaklar bizi kənddən qovdular, etiraz edənləri isə güllələdilər. Quru yolları bağlanmışdı, yeganə yol dəmir yolu idi. Çox çətinliklə qohumlarımla birlikdə Vedi rayonunun Şirazlı kəndinə gəldik. Gözümü açandan, ağlım kəsəndən kəndimizdə azərbaycanlıların yaşadığını görmüşəm, bizim kənddə erməni yaşamırdı. Qışın soyuğunda ermənilər əvvəlcə rabitə və elektrik xətlərini kəsdilər, yolları bağladılar. Heç nədən çəkinmədən bizə təzyiq göstərirdilər, silahlı basqınlarla camaatı qorxu altına salırdılar. Kəndlərimizi mühasirədə saxlayır, hərəkət etməyimizə mane olur, mal-heyvanımızı oğurlayırdılar. Bizi kənddən didərgin salanda gözümüzün qarşısında evlərimizə od vuraraq yandırırdılar, qarlı-şaxtalı havada bizi isti ocağımızdan məhrum etdilər.

Haqq-ədaləti tapdalayan, azərbaycanlılara qarşı deportasiya həyata keçirən, saysız-hesabsız cinayətlər törədən ermənilərin iki yüz illik mənfur işğalçılıq siyasətinə Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz birdəfəlik son qoydu, otuz ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur azad edildi, şəhidlərin qisası alındı. Prezident Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi haqsızlığa son qoyulması və ədalətin bərpa edilməsi üçün azərbaycanlıların öz ata-baba yurdlarına qayıdacağını bildirdi. Uşaqlarımız, nəvələrimizlə Qərbi Azərbaycan torpaqlarında yenidən yaşamağa davam edəcəyik sözləri hər birimizdə qürur və iftixar yaradıb.

Salman ALIOĞLU,

"Respublika".