Yüksək nüfuzun, inam və etimadın ifadəsi
Siyasət

Yüksək nüfuzun, inam və etimadın ifadəsi

Ölkə başçısının səfərləri, keçirdiyi görüşlər dünyada dialoqun inkişafına, sabitliyin möhkəmləndirilməsinə töhfələr verir

Mövcud reallıqlar fonunda Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanla tərəfdaşlıq əlaqələrinin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir. Bu səfərlər, müxtəlif beynəlxalq tədbirlər, həm də qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələr ölkəmizə, Prezident İlham Əliyevə xüsusi ehtiram və hörməti birmənalı ifadə edir. Bunlar bir daha belə deməyə əsas verir ki, dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi yüksək səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir. Bu baxımdan ölkə başçısının son səfərlərinin əhəmiyyəti çox böyükdür.

Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ümumiyyətlə, Prezidentimizin xarici səfərləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənir və yüksək qiymətləndirilir. Xüsusi vurğulamaq lazımdır ki, təkcə oktyabr ayında möhtərəm Prezidentimiz beynəlxalq səviyyəli, ölkəmiz üçün önəmli olan 7 mötəbər tədbirdə iştirak etmişdir. Bununla bərabər, o, bütün platformalarda çıxış edərək ölkəmiz və bölgəmiz üçün, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı aktual problemləri beynəlxalq ictimaiyyətə əsl həqiqət prizmasından çatdırıb.

 Azərbaycan Prezidenti oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib. Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-də Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı keçirilən görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Bütövlükdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir.

 Azərbaycan və Qırğızıstan arasındakı əlaqələrin tarixi kökləri, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlıdır. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin ifadəsidir.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Dövlət başçısı İlham Əliyev Özbəkistanda görüş zamanı diqqətə çatdırmışdır ki, qarşılıqlı əlaqələr intensivləşməlidir. Özbəkistan ölkəmizin bütövlüyünün bərpası işində Azərbaycanı həmişə dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

 Prezident İlham Əliyevin Qırğıstana və Qazaxıstana səfəri çərçivəsində ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyənləşdirən əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, Azərbaycanın xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin necə xüsusi önəm daşıdığını bir daha təsdiq edir. Bütövlükdə dövlət başçısı İlham Əliyevin Qırğızıstana, istərsə də Qazaxıstana səfərləri bir daha onu göstərir ki, ölkə başçımız təşəbbüsləri, qəti, prinsipial mövqeyi ilə regionda və dünyada sülhün, əməkdaşlığın, tərəqqinin yeni müstəviyə yüksəlməsi üçün öz töhfələrini verir. Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatları belə deməyə əsas verir ki, nəticələrə hədəflənmiş iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.

 Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı çoxalıb, eyni zamanda qarşılıqlı etimad artıb. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev "Avropa siyasi birliyi"nin Zirvə Toplantısında "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi. Zirvə Toplantısında Azərbaycan Prezidenti müharibədən sonra ermənilərin törətdikləri hərbi təxribat, eləcə də dünya siyasətində Azərbaycan dövlətinin mövqeyi haqqında iştirakçılara ətraflı məlumat verdi. Ölkə başçımızın çıxışı eyni zamanda Azərbaycan torpaqlarının işğalı zamanı, müharibə və postmüharibə dövründə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən dövlətlərə bir cavab mesajı idi. Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

 Azərbaycan hazırda Avropa İttifaqı ilə enerji, nəqliyyat, ticarət sahəsində çox fəal əməkdaşlıq edir. Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artıb. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, 2027-ci ildə qaz ixracatı ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

 Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi dəyərləndirilir. Prezident İlham Əliyevin hər bir səfəri, keçirdiyi görüşlər beynəlxalq müstəvidə böyük rezonans yaradır, dövlətimizin, xalqımızın maraqlarını təmin etməklə tarixi hadisəyə çevrilir.

Mustafa KAMAL,

"Respublika".