Yorulmaz tədqiqatçı alim, pedaqoqs
Sosial həyat

Yorulmaz tədqiqatçı alim, pedaqoqs

Azərbaycan elminin, təhsilinin inkişafında xidmətləri olan alimlər arasında onun xüsusi yeri var. Ömrünün altmış ilini elm və təhsilə həsr edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Məhəmməd Mehdiyev Azərbaycan elminin inkişafına öz töhfələrini vermiş, elmimizi dünya çapında layiqincə təmsil etmişdir.

Mehdiyev Məhəmməd Fərman oğlu 1941-ci il oktyabrın 2-də  Azərbaycanın Laçın rayonunun Təzəkənd kəndində kolxozçu ailəsində dünyaya gəlmiş, 1951-ci ildə Ərdəşəvi kənd məktəbinin (yeddillik) birinci sinfinə daxil olmuş, 1961-ci ildə isə Vağazin kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı bitirmişdir. Həmin il o, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına qəbul olunmuş və aspirantura hazırlığını Rostov Dövlət Universitetində akademik İ.İ.Voroviçin rəhbərlik etdiyi Elastikiyyət nəzəriyyəsi  kafedrasında keçmişdir. 

1970-ci ildə təyinatla göndərildiyi Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1975-ci ildə Rostov Dövlət Universitetində akademik İ.Voroviç və professor Y.Ustinovun elmi rəhbərlikləri ilə "Asimptotiçeskiy analiz trexmernoqo naprejenno-deformirovannoqo sostoyaniye dlya kanoniçeskix oboloçek i kruqloy plitı peremennoy tolşinı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş. 1976-cı ildə baş elmi işçi vəzifəsinə seçilmişdir.

1978-ci ildə Nazik divarlı konstruksiyalar şöbəsinə rəhbər təyin edilən alim  1985-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində Xüsusi Konstruktor Bürosunda elmi işlər üzrə direktor müavini, 1991-2002-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının professoru, 2002-ci ildən Bakı Dövlət Universitetinin Tətbiqi analizin riyazi üsulları kafedrasının müdiri və eyni zamanda  2008-ci ildən  Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

1975, 1976, 1981, 1983-cü illərdə M.Mehdiyevin aldığı elmi nəticələr SSRİ  EA-nın Baş elmi katibinin məruzəsində mühüm işlər sırasında qeyd olunmuşdur.

Məhəmməd Mehdiyev 1989-cu ildə Leninqrad Dövlət Universitetində "Asimptotiçeskiy analiz nekotorıx prostranstvennıx zadaç teorii upruqosti dlya polıx tel" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 1981-1985-ci illərdə "Örtük və lövhələrin statistikası, rəqsi, dayanıqlığı" ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.

Deformasiyalanan bərk cisim mexanikası sahəsində görkəmli mütəxəssis olan M. Mehdiyev tərəfindən elastikiyyət  nəzəriyyəsində yeni «bircins həllər» metodu işlənib hazırlanmış, həmin metodun köməyi ilə  örtük və lövhələr üçün  elastikiyyət nəzəriyyəsinin  üçölçülü  məsələsindən ikiölçülü  məsələyə keçid problemi öyrənilmiş, örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər əsasında örtük və  lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən olunmuşdur.

Nazik divarlı konstruksiyalarda əvvəllər məlum olmayan yeni dinamik effekt kəşf olunmuş, xüsusi halda klassik elastikiyyət  nəzəriyyəsinin Sen-Venan prinsipinin rəqs  tezliyinin müəyyən qiymətindən sonra doğru olmadığı isbat edilmişdir.

Alınmış dəqiq həllər əsasında M.Mehdiyev  tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə  nəzərən daha dəqiq olan örtük və  lövhələrin yeni tətbiqi  nəzəriyyəsi verilmişdir. Deformasiyaların bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, onun tərəfindən verilmiş «bircins həllər» metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tənliklərin asimptotik inteqrallama metodunda ciddi yenilikdir.

Son illərdə Məhəmməd müəllim və onun tələbələri anizotropik örtüklərin ümumi nəzəriyyəsini yaratmağa nail olmuş bu nəzəriyyələr əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilmişdir. Dəfələrlə örtük və lövhələr üzrə ümumittifaq konfranslarında, SSRİ mexaniklərinin qurultaylarında, seminarlarında elmi məruzələrlə çıxış edən M.Mehdiyev kosmik uçuş aparatlarının təkmilləşdirilməsində və yeni kosmik aparatların yaradılmasında icraçı, məsul icraçı, mövzu rəhbəri və "Energiya-Buran" sistemində istifadə olunan daşıyıcı raketin möhkəmlik məsələləri üzrə baş layihə konstruktoru olmuşdur. Kosmik uçuş aparatlarının real şəraitə yaxın şəraitdə sınağı üçün nəzərdə tutulmuş sınaq stendinin müəlliflərindən biri olmuş, həmçinin respublikanın bir çox sənaye obyektlərinin sifarişlərini yerinə yetirmişdir.

Onun müəlliflərindən biri olduğu "Sualtı rezervuar" ixtirası iki dəfə beynəlxalq sərgidə (Dehli, Sofiya) ikinci yerə layiq görülmüşdür.

Professor M.Mehdiyev keçmiş ittifaqda, bir çox doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti, respublikada doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur.  20 elmlər namizədi, 2 elmlər doktoru hazırlamış və hazırda 4 doktorant və dissertanta rəhbərlik edir.

Amerika bioqrafiya institutu tərəfindən 2003-cü ilin adamı hesab olunmuş, 2004-cü ildə həmin institut tərəfindən elm və bəşəriyyət qarşısında xidmətlərinə görə qızıl medala layiq görülmüşdür.

M.F.Mehdiyev həm də optimallaşdırma məsələləri ilə də məşğul olur. O, impuls təsirli determinik oyunlarda yəhərvari nöqtənin varlığı üçün zəruri şərtlər tapmış, eyni zamanda həmin şərtlərin zəruri və kafi olduğu sinifləri müəyyən etmişdir. Qeyri-lokal (çoxnöqtəli, inteqral) şərtli optimal idarəetmə məsələsində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınmış və  bu sahədə o, 6 elmlər namizədi hazırlamışdır.

2013-cü ildə Kembric Universitetinin “Fəxri doktoru” seçilmiş və Avropa Şurasının Elm və Sənaye Palatası tərəfindən riyaziyyat, mexanika elminə verdiyi fundamental töhfələrə görə qızıl medalla təltif olunmuşdur.

Amerikanın "Albert Helson Marqus" fondu tərəfindən çap olunan "Dünyanın görkəmli adamları" ensiklopediyasının 23-cü cildində Məhəmməd Mehdiyev haqqında ətraflı məlumat verilmişdir.

O, çap olunmuş 150-dən artıq (xaricdə və respublikada) əsərin, 4 monoqrafiyanın (onlardan 2-si Springer nəşriyyatında), 1 dərslik, 5 dərs vəsaitin, eyni zamanda keçmiş İttifaqın qapalı mətbuatında dərc edilmiş bir çox əsərlərin müəllifidir.

Xarici ölkələrin görkəmli alimləri – Rusiya EA-nın həqiqi üzvü İ.İ.Voroviç, professorlar A.L.Qoldenveyzer və N.Faysfeld (Rusiya), Avropa EA-nın həqiqi üzvü Y.D.Kaplunov (Böyük Britaniya), Ukrayna MEA-nın həqiqi üzvü V.T.Qrinçenko, professor A.Yu.Qriqorenko (Ukrayna), professor İ. Elşakov (ABŞ) və başqaları Məhəmməd Mehdiyevin elmi və elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişlər.

2007-ci ildən o, Bakı Dövlət Universitetinin nəzdində Dissertasiya Şurasının sədri, BDU-nun Böyük Elmi Şurasının üzvü, AMEA-nın "Xəbərləri" (mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və Bakı Dövlət Universitetinin "Xəbərləri" (fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2019-cu ildə “Şöhrət” ordeni və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley medalı ilə təltif edilmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Məhəmməd müəllimi şanlı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, sağlam uzun ömür, Azərbaycan elminin və təhsilinin inkişafında göstərdiyi səmərəli və məqsədyönlü fəaliyyətində yeni nailiyyətlər arzulayır.

Misir MƏRDANOV,

 AMEA-nın müxbir üzvü, professor.

Yusif MƏMMƏDOV,

AMEA-nın həqiqi üzvü, professor.