“Yolumuz Ağdama” səfərləri təşkil olunacaq
İQTİSADİYYAT

“Yolumuz Ağdama” səfərləri təşkil olunacaq

 Dövlət Turizm Agentliyi tərəfindən noyabrın 13-də turizm sənayesi nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunmuşdur. Bunu Agentlik məlumatında  bildirib. Səfərdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və hotellərin nümayəndələri, həmçinin bələdçilər və turizm blogerləri iştirak ediblər.

Səfər çərçivəsində “İmarət” kompleksinə, Çörək muzeyinə, Dram teatrının qalıqlarına baxış keçirilib, eləcə də Şahbulaq qalası, Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscid ziyarət olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəliyi tərəfindən “Yolumuz Ağdama” adı ilə səfərlərin Ağdam şəhəri daxil olmaqla rayonun minalardan təmizlənmiş hissəsinə həyata keçirilməsi nəzərdə tutulub.

Bəybala BƏYBALAYEV,

“Respublika”.