YEVLAXDA BARAMA TƏDARÜKÜ
Region

YEVLAXDA BARAMA TƏDARÜKÜ

Hər sahədə olduğu kimi, aqrar bölmədə də uğurla həyata keçirilən islahatlar sürətli yüksəlişdən xəbər verir. Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına yol açıb. Ötən illərin burulğanında bir növ, dağılıb gedən, unudulan, yaddan çıxan ənənəvi təsərrüfat sahələri tədricən bərpa olunur. Belə sahələrdən biri də ipəkçiliyin əsası sayılan baramaçılıqdır.


Barama, ipək hələ çoxdan, lap çoxdan Azərbaycan torpağının sərvəti, şöhrəti olub. Ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası bu sahədə geniş üfüqlər açmaqdadır. Belə ki, baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir. Bu baxımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyə və göstərişlərinə əsasən kənd təsərrüfatının gəlirli sahəsi olan baramaçılığın inkişafını təmin etmək üçün bölgələrdə əsaslı və fundamental tədbirlər görülür, kümçülərin yetişdirdikləri barama yüksək qiymətə alınır. Ölkə rəhbərinin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Yevlaxda da qədimi və ənənəvi sahələrdən olan baramaçılığın inkişafına böyük təkan verib.

Bu mövsüm ilində Yevlax rayonuna 300 qutu tut ipəkqurdu toxumu paylanmışdır. Rayon ərazisində tut ipəkqurdu toxumunun paylanması üçün 136 kümçü müəyyən edilmiş, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri, barama mütəxəssislərinin iştirakı ilə yerlərdə tut ipəkqurdunun saxlanılıb yetişdirilməsi üçün nəzərdə tutulan tikililərə baxış keçirilmiş, kümçülərə maksimum münbit şərait yaradılmışdır. Həmçinin, kümçülərə müvafiq təklif və tövsiyələr verilmişdir. 2021-ci il üçün Yevlax rayonu üzrə 12 ton barama təhvil verməyi planlaşdırılır.

Artıq Yevlax rayonunda barama tədarükünə başlanılmışdır. Bu günə kimi 2078 kq barama tədarük olunmuşdur. Hazırda barama tədarükü sürətlə davam edir.

Zabit XƏLİLOV,

“Respublika”.