YEVLAX: VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA MEDALLAR TƏQDİM EDİLİB
Region

YEVLAX: VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA MEDALLAR TƏQDİM EDİLİB

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, şücaət göstərmiş yevlaxlı Vətən müharibəsi iştirakçılarına və qazilərə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Xocavəndin azad olunmasına görə”,  “Suqovuşanın azad olunmasına görə” medallarının və Baş nazir Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimat mərasimi keçirilib.

YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəis müavini Musa Nağıyev, qazilər və Vətən müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın maraqları naminə düzgün və məqsədyönlü siyasət aparılır. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını qarşısına ən ümdə vəzifə kimi qoyan möhtərəm Prezident ən müasir hərbi təminatla formalaşdırdığı Azərbaycan Ordusu peşəkarcasına tarixi ədaləti bərpa edib. Prezident-Xalq-Ordu birliyi vəhdət təşkil edərək bütün dünyaya Azərbaycanın qüdrətli dövlət olduğu əyani sübut olundu.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi ilə Azərbaycan Ordusunun 44 gün ərzində erməni silahlı birləşmələrini darmadağın etməsi və nəticədə qazandığımız Şanlı Zəfər xalqımıza əbədi qürur hissi yaşatdı.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəis müavini Musa Nağıyev və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü Ordu quruculuğundan,   yenilməz Azərbaycan Ordusunun  hünərindən, həbçilərimizin əsl qəhrəmanlıq dastanı yazaraq, keçdiyi şərəfli döyüş yolundan əhatəli söhbət açıblar.  

Vətən müharibəsi iştirakçıları, qazilər diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.