YEVLAX: ŞƏHİD VÜQAR BAHADURZADƏ EHTİRAMLA ANILIB
Sosial həyat

YEVLAX: ŞƏHİD VÜQAR BAHADURZADƏ EHTİRAMLA ANILIB

Yevlax rayonunun Malbinəsi kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bahadurzadə Vüqar Məmməd oğlunun ad günü şəhidin məzarı önündə, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri ilə birgə qeyd edilib.

İlk öncə, şəhidin əziz xatirəsi böyük ehtiramla anılaraq, məzarı üzərinə tər gül dəstələri düzülüb. Malbinəsi kəndində şəhidin evində davam etdirilən tədbirdə Vüqar Bahadurzadənin keçdiyi şərəfli, qısa və mənalı həyat yolundan əhatəli söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə,  çevrildiyi bildirildi.

Şəhid Bahadurzadə Vüqar 1993-cü il iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. Vətən müharibəsində Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu olaraq iştirak edən Vüqar Bahadurzadə 2020-ci il oktyabrın 15-də  Suqovuşan istiqamətində düşmənə qarşı döyüşlərdə igidlik göstərərək şəhid olmuşdur. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”,”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə şəhidlərin xatirəsinə şəhər uşaq-gənclər idman şahmat məktəbi onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.

Şəhidin ailə üzvləri, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Z.XƏLİLOV,

“Respublika”.