YEVLAX ŞƏHƏRİNDƏ YENİ NÜMUNƏVİ MƏHƏLLƏLƏR
Region

YEVLAX ŞƏHƏRİNDƏ YENİ NÜMUNƏVİ MƏHƏLLƏLƏR

Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti, cəmiyyətin sürətli inkişafı üçün vacib amil olan sosial rifah səviyyəsinin yüksəldilməsinə, iqtisadi tərəqqinin nəticələrinin hər bir vətəndaşın layiqli həyat  tərzinin təmin edilməsinə  istiqamətlənmişdir. Zaman keçdikcə dinamik xarakter alan, xalqın mənafeyinin təmin olunmasına xidmət edən bu siyasətin bünövrəsi məhz xalqımızın ümummilli  lideri Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə dövlət başçısı cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, uğurla davam etdirilir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən ölkə rəhbəri  vətəndaşlarının qeydinə qalır, diqqət və qayğı əhatəsində saxlayır.    

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Yevlaxda da abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, şəhərin küçə və prospektləri təmir edilir və  asfatlanır, yeni infrastrukturların yaradılır,  kənd yolları yenidən qurulur. Yolların kənarlarına həmişəyaşıl gözoxşayan gül-çiçəklər və kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır. Çoxmənzilli  yaşayış binalarının həyətləri abadlaşdırılır, xüsusi zövqlə hazırlanmış nümunəvi məhəllələr balaca fidanların ixtiyarına verilir.

Yeni tərtib edilmiş layihəyə uyğun olaraq Heydər Əliyev prospektində yerləşən 6 və 8 saylı ümumi yaşayış binalarının həyəti abadlaşdırılır.  

Qeyd edilən binaların fasadında əsaslı təmir-bərpa işləri aparılıb, giriş blokları təmir olunaraq pəncərələr yeniləri ilə əvəz olunub, həyətdə işıqlandırma sistemi yenidən qurulmuşdur. Eyni zamanda, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaraşıqlı söhbətgah, müasir dizaynlı oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb, məişət tullantıları üçün qablar qoyulub. Hazırda idman alətlərinin quraşdırılması işləri aparılır, eyni zamanda həyətdə tamet daşlarının vurulması, istinad divarlarında, bordürlərdə, səkilərdə təmir-bərpa işləri aparılır. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir. Əminliklə demək olar ki, yeni salınacaq  bu istirahət parkı vətəndaşların həyatında xüsusi rol oynayacaq və balaca fidanların sevimli məkanına çevriləcəkdir.       

Zabit XƏLİLOV,

“Respublika”.