Yevlax: Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Digər xəbərlər

Yevlax: Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

Yevlaxda 1 Oktyabr - Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayon prokurorluğunun işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüblər. Sonra  Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra Yevlax Rayon Prokurorluğunun binasında davam edən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, ədalətlilik prinsipləri təmin olunmuşdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışından sonra başlayan qurtuluş missiyası prokurorluq sistemində yeni inkişafı təmin etmiş, onun fəaliyyət əsaslarını sağlamlaşdırmışdır. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan Prokurorluğu növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün prokurorluq təsisatı dövlətçiliyin və ictimai sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verir. Ümumiyyətlə, praqmatik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən hüquq islahatlarına prokurorluq orqanları adekvat cavab verir.  Son illərdə bu sistemdə pozitiv dəyişikliklərin baş verməsini isə hamımız aydın görürük.

Tədbirdə çıxış edən Yevlax rayon prokuroru Ceyhun Almasov prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, həmçinin qeyd etdi ki, bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətlərini daha da gücləndirəcək, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərlərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Daha sonra çıxış edən rayon polis şöbəsinin rəisi Elnur Mehdiyev, DTX Yevlax rayon şöbəsinin rəisi İlqar Bağırov prokurorluq işçilərinin peşə bayramı münasibətilə səmimi təbriklərini çatdırdılar.

1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü, Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü münasibətilə Yevlax rayon prokurorluğunun bir qrup əməkdaşı şəhər icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olundu.

Zabit XƏLİLOV,

“Respublika”.

 

MASALLI

Masallı şəhərinin Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək unudulmaz rəhbərin parlaq xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi  uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayon prokurorluğunun kollektivini peşə bayramı münasibətilə təbrik edib, ümummilli liderin ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən söhbət açıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirdiyini, məhkəmə-hüquq sistemində ardıcıl, məqsədyönlü islahatların aparıldığını, prokurorluğun hüquq-mühafizə orqanları arasında xüsusi yer tutduğunu diqqətə çatdırıb.

 Masallı rayon prokuroru Vəli Mustafayev prokurorluğun keçdiyi şanlı, şərəfli tarixi yol barədə ətraflı məruzə edib. Bildirib ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi dövlət quruculuğu siyasəti və strateji inkişaf konsepsiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun işgüzarlıqla, uğurla həyata keçirilir. İnamla aparılan ardıcıl və sistemli hüquqi islahatlar, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaradıb. Prokurorluq orqanları  qanunun aliliyinin keşiyində dayanaraq hüquqi dövlət quruculuğuna, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə öz layiqli töhfələrini verirlər.

 Masallı rayon prokurorluğu qanunçuluğun, insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasında, əhali arasında hüquqi təbliğatın aparılmasında ardıcıl tədbirlər görür. Rayonun prokurorluq işçiləri bundan sonra da  hüquq-mühafizə orqanları ilə birgə dövlətçiliyimizin və ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində səylərini, bacarıqlarını, əzmkarlıqlarını daha da artıracaqlar,- deyə Vəli Mustafayev bildirib.

Masallı rayon məhkəməsinin sədri Firdovsi Əliyev, rayon polis şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Vəli Rzayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Rasim Əzizov, Masallı regional mədəniyyət idarəsinin rəisi Bəxtiyar Qılıncov, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov və vəkil Tofiq Şahmarov tədbirdə çıxış edərək qanunun aliliyinin təmini, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində prokurorluq işçilərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb, onlara bayram təbriklərini, səmimi arzularını çatdırıblar.

Sonra rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Babək Paşayev və müstəntiq Elçin Abbasov Masallı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.

Əlisəfa HƏSƏNOV,

   “Respublika”.