Yevlax: 15 İyun –  Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
Region

Yevlax: 15 İyun –  Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri YAP Yevlax Rayon Təşkilatının sədri İlham Məmmədov  açaraq qeyd etdi ki,  15 iyun Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan əbədiyaşar Heydər Əliyevdir. Qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılmışdır. Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş tarixidir.

Sonra çıxış edənlər Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi barədə ətraflı danışdılar və ulu öndəri müstəqilliyimizin təminatçısı, dövlətçiliyimizin memarı kimi qiymətləndirərək, onun siyasi varisi cənab Prezidentin uğurlu xarici və daxili siyasətindən, Milli Ordumuzun rəşadətli Qələbəsindən ətraflı söz açdılar.

Milli Qurtuluş Gününə həsr olunmuş müsabiqə iştirakçıları, Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmatçıları, Uşaq Gənclər İnkişaf  Mərkəzinin bacarıqlı əllər, rəqs, rəsm dərnəyinin üzvləri öz istedad və bacarıqlarını  nümayiş etdirdilər.

Müsabiqə qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular. Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ulu öndərə, Azərbaycanın yüksəlişinə həsr olunmuş mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

                              Zabit XƏLİLOV,

                              “Respublika”.