Yerli özünüidarəetmədə rəqəmsal texnologiyaların tətbiqi sahəsində xeyli işlər görülüb
Digər xəbərlər

Yerli özünüidarəetmədə rəqəmsal texnologiyaların tətbiqi sahəsində xeyli işlər görülüb

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Dünən Bakının Sabunçu rayonunda respublikanın 141 qəsəbə bələdiyyəsindən təmsilçilərin və Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 1 nümayəndənin iştirakı ilə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iclasın gündəliyi səsə qoyularaq qəbul edilib, çıxışlar üçün reqlament müəyyən olunub.

Tədbirdə çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bildirib ki, ölkəmizdə uğurla davam etdirilən dövlət siyasəti, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb.

Qeyd edilib ki, milli assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bələdiyyələrimizin müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunmasına, ərazidə prioritet seçilən sosial məsələlərin icrasına daha böyük diqqətin yetirilməsinə hesablanıb. Bu baxımdan, hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən "Yerli Demokratiya Həftə"ləri və digər vacib tədbirlər pandemiya səbəbindən keçirilməyib, 2023-cü ildə daha geniş və əhatəli tədbirlərin təşkili planlaşdırılıb.

Sonra Assosiasiyanın Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib ki, yerli özünüidarəetmənin inkişafı dövlətimizin daimi diqqət mərkəzindədir. Yerli özünüidarəetmənin qarşısında duran əsas vəzifələrdən biri də rəqəmsal texnologiyaların tətbiqidir. Son illərdə bu sahədə xeyli işlər görülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib ki, ötən dövrdə yerli idarəetmə sahəsində xeyli işlər görülüb. Lakin bir sıra problemlər hələ də qalmaqdadır. Bu məsələlərin kökündə isə əsasən maliyyə dayanıqlılığı durur. Bələdiyyələrin maliyyəsini yaxşılaşdırmaq üçün, ilk növbədə, yerli büdcənin gəlir mənbələrinin dəqiq uçotu aparmalı, bu sahədə tam şəffaflıq və hesabatlılıq təmin edilməlidir.

Digər çıxış edənlər görülən işlərdən və qarşılaşdıqları problemlərdən danışıblar.

Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov yenidən həmin vəzifəyə seçilib.           

Ülvi QARAYEV,

“Respublika”.