Yerli əhəmiyyətli yollar yenidən qurulur
Region

Yerli əhəmiyyətli yollar yenidən qurulur

"Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Bunu ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib. Əsası ulu öndər tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kursun hədəflədiyi son məqsəd ölkədə güclü iqtisadiyyat qurmaq, dünyaya inteqrasiya olunmaq Azərbaycan vətəndaşlarının həyat səviyyəsini, rifahını daha da yüksəltməkdir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın gətirdiyi uğurlardan biri, bəlkə elə birincisi ölkə infrastrukturunun yenidən, müasir dövrün tələblərinə uyğun olaraq qurulmasıdır. Son vaxtlar yerli əhəmiyyətli, hətta kənddaxili yollar belə asfaltlanır, ən ucqar yaşayış məntəqələrinə rahat gediş-gəliş təmin olunur.

Hazırda İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 71-ci kilometrindən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir. Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 kilometr təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Artıq yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol yatağının, yol əsasının alt üst layının tikintisi icra olunur. Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 kilometrlik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək.

Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalılar Əlyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri nəzərdə tutulub. Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. Bütün işlər "İnşaat Norma Qaydaları"na uyğun olaraq aparılır, əraziyə lazımi sayda canlı qüvvə texnika cəlb edilib.

Qeyd edək ki, 5 yaşayış məntəqəsinin 8 min nəfərdən çox əhalisinin istifadə etdiyi sözügedən yollar ümumi uzunluğu 43.5 kilometr olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək. Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.  

Ərəstun ABDULOV,

"Respublika".