Yenilməz ruhun zəfəri
Siyasət

Yenilməz ruhun zəfəri

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək dedi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

Şuşanın Dövlət Bayrağı Günü ərəfəsində azad olunması da diqqətçəkən məqamlardandır. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq! Çünki, Şuşanın azad olunması ilə şəhidlərimizin intiqamı alındı.

Azərbaycan xalqı bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi bəsləməmişdi. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq bir daha bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 Noyabr Günü Azərbaycan tarixinə əbədi həkk olundu.

1992-ci il mayın 8-də Ermənistan silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi, mədəniyyət abidələri düşmən tərəfindən dağıdılıb məhv edildi.

Alınmaz qala olan Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səslənsə də bir məsələ aydındır ki, bu qədim şəhər xəyanətin qurbanı oldu. Şuşa işğal altına düşəndə bizim əsas problemimiz həm də o idi ki, güclü ordumuz yox idi, rəhbərlik isə öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz təcrid edilmiş vəziyyətdə idik.

"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur". Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyev isə demişdir: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Bəli, ulu öndərimizin dediyi kimi, doğrudan da Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət deyilən bir şey varmış. İllərlə mədəniyyətindən, mənəviyyatından, gözəlliyindən uzaq düşdüyümüz Şuşamız qayıtdı bizə, Qarabağımıza qovuşduq.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: "Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, eləcə də erməni generalları əfsanə adlandırdılar.

Dünya siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin bütün gedişatını yüksək sərkərdəlik bacarığı ilə şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıldı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başladılar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi- Şuşa yolunu nəzarətə götürmüşdülər. Noyabrın 3-dən 4-nə keçən gecə qayalıqları dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olan xüsusi təyinatlılarımız zirehli texnikasız, topsuz, aviasiyasız 2 sutka döyüşdülər. Noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri əlbəyaxa gedən döyüşlərə özlərini çatdırdılar. Çünki orada nə səngər, nə istehkam, nə top, nə tank, nə də minaatan var idi. Olanları avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqlar idi. Ən böyük silahları isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı idi. Nəhayət, gərgin gedən döyüşlərdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan müharibədə qələbə qazandı. 

Bax, bu idi əsl vətənpərvərlik, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, Vətən müharibəsinin gedişatının hər dəqiqəsini belə nəzarətində saxlayıb, göstərişlərini verən ən əsası isə Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı. Şuşada əməliyyatların əlbəyaxa keçirilməsində isə məqsəd onsuz da erməni vandalları tərəfindən dağıdılmış dilbər guşəmizi bir daha dağıntılara məruz qoymamaq idi.

8 may 1992-ci il tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Şuşamız, 8 noyabr 2020-ci il tarixində Azərbaycanın müzəffər, şanlı ordusunun vətən uğrunda apardığı müharibədə qələbəsi nəticəsində işğaldan azad edildi. Qətlə yetirilən şuşalıların və bu torpağın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. Ruhunuz daima şad olsun! Qisasınız alındı! Qarabağ Azərbaycandır!

Artıq işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində də qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Şuşanın və bütün rayonların işğaldan azad olunması Azərbaycanın tarixi salnaməsinə Anım və Zəfər günlərini həkk etdi. Heç vaxt unutmamalıyıq ki, azad olunan torpaqlardan erməni izlərini şəhid və qazilərimiz, əsgər və zabitlərimiz öz qanları ilə yudular. Elə bu səbəbdən də Vətənin azadlığı uğrunda gedən döyüşlərdə əməyi, xidməti olan hər kəs dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən il ərzində ona xas olan qayğıkeşliklə şəhid ailələrinə yüksək diqqət göstərərək onların sosial problemlərinin həlli üçün, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib və icrasına ciddi nəzarət edibdir. Qazilərimizin sağlamlığının bərpası üçün ölkənin səhiyyə sistemindəki bütün imkanları səfərbər edib, bəzilərinin xarici ölkələrdə, xüsusən Türkiyədə müalicə olunması üçün lazımi tədbirlər görüb. İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması məqsədilə də müvafiq tədbirlər həyata keçirilib. Şuşada mədəni tədbirlərin qısa müddətdə hazırlanması və keçirilməsi üçün təşkilati işlərə rəhbərlik edib.

Bakı şəhərində 2021-ci il aprelin 12-də açılışı olmuş və ölkəyə gələn qonaqlara göstərilən Hərbi Qənimətlər Parkı indi ermənilər üçün göz dağıdır. Onlara göz dağı olan başqa bir şey də var: Necə ki, işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandan 44 gündə ildırım sürətilə azad etdi, elə həmin sürətlə də həmin ərazilərin bərpasına başladı: ərazilərin minalardan təmizlənməsi, 3 hava limanının Füzuli, Zəngilan və Laçında inşası, Qarabağın qapısı adlanan Füzuli Beynəlxalq Hava Limanının artıq işə düşməsi, Zəngilanda Birinci Ağalıda "Ağıllı kənd" layihəsinin icrasına, Şuşa şəhərinin tikintisinə başlanılması və orada böyük tədbirlərin keçirilməsi, Şuşada "Xarıbülbül" festivalının, Vaqif Poeziya günlərinin təşkil edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev muzeyinin bərpadan sonra açılışı, Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bərpası və Şuşada Mərkəzi meydanda yerləşdirilməsi, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qızları ilə birlikdə müharibədən sonra dəfələrlə Qarabağa səfər edərək dövlət bayrağını yüksəltmələri, keçirilmiş bütün tədbirlərdə şəxsən iştirak etmələri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, xanımının böyük nümayəndə heyəti ilə birgə Şuşada qarşılanması, Zəngəzur dəhlizinə gedən dəmir yolunun tikintisinə başlanılması, azad olunmuş bütün rayonlarda infrastrukturun bərpası, magistral yolların tikintisi, rayonların baş planlarının hazırlanması və işlərin gedişatına şəxsən cənab İlham Əliyevin özünün nəzarət etməsi də dünyada analoqu olmayan hadisədir.

Eyni zamanda onu da qeyd etməliyik ki, 2021-ci il iyunun 15-i də Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidi olduq.

Çox təəssüf hissi ilə deməliyik ki, müharibə itkisiz olmur. Dövlətimiz Vətən yolunda tarix yazan qəhrəman oğullarına və onların ailə üzvlərinə daim böyük hörmət və ehtiram göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük müharibədə xalqımıza, əsgərlərimizə inam, güc verən Prezidentin həm də xarici KİV-ə verdiyi müsahibələr idi. Savaş gedərkən hamı həmin müsahibələri maraqla izləyirdi. Bakıda xarici müxbirlərin çox vaxt jurnalist etikasına, qələm sahibinin əxlaqına sığmayan davranışlarına baxmayaraq, dövlət başçımızın Azərbaycanın haqlı mövqeyini ciddi faktlar və güclü arqumentlərlə müdafiə etməsi xalqa, orduya, o cümlədən səngərdə döyüşən əsgərlərimizə böyük qələbə ruhu verirdi. Həmin günlərdə biz hamımız Ali Baş Komandana arxalanır, ona güvənir, hər müsahibəsini informasiya cəbhəsində çalınan zəfər kimi qəbul edirdik.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl edərək, "Qarabağ Azərbaycandır!" şüarı altında səni geri qaytardı gözəl Şuşa. Və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində sənə xitabən çox böyük fəxrlə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" - dedi.

Bu gün gözəl Şuşamızda Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddət sonra Şuşaya dönüş başlayacaq. Bütün bunları düşündükcə iftixar və qürur duyuram. Qəlbimdən bunlar keçir: "Qoynuna qayıdırıq Şuşa! Gəlirik səni qoxlamağa, xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik üzərində at çapmağa, yarışlar, xarıbülbül festivalları keçirməyə, Cıdır düzü".

Bəli, yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Bütün bunlar üçün torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, Ali Baş Komandanımıza sonsuz təşəkkürlərimizi bildiririk.

Nurəngiz ADİLQIZI,

"Respublika".