Yenilməz milli ruhun şanlı qələbəsi
Siyasət

Yenilməz milli ruhun şanlı qələbəsi

Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, xalqımızın sarsılmaz birliyi, rəşadətli ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına erməni faşizmi üzərində qazanılmış möhtəşəm Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün dünya müstəqil Azərbaycan dövlətinin öz təhlükəsizliyini qorumaq, ona düşmən münasibət göstərən ölkəni qarşısında diz çökdürmək gücünü, qüdrətini gördü. Dünya indi həm də münaqişənin həll edilmədən saxlanıldığı otuz ilə yaxın müddət ərzində görmək istəmədiyi gerçəkliyi - erməni vandalizmini də görmək məcburiyyətindədir. Xarabalıqlara çevrilmiş şəhər və kəndlərimiz, ekoloji terrora məruz qalmış təbii sərvətlərimiz, dağıdılıb-şumlanmış qəbiristanlıqlarımız - “vəhşi qəbilə” özünün olmayan hər yeri viran qoyub. Ən başlıcası isə, müvəqqəti ələ keçirdiyi ərazilərdə xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin izlərini silməyə çalışıb. Lakin bacarmayıb...

Dövlətimizin başçısı bu yaxınlarda Şuşada olarkən Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin - əsrlər boyu Qarabağdan dörd bir yana mənəviyyat işığı yayan şəhərin xalqımızın milli ruhunu necə vüqarla yaşatdığını, vandalizmə məruz qalsa da, sınmadığını, əyilmədiyini məntiqli və obrazlı şəkildə dürüst ifadə etdi. Şuşa tarixi keçmişi və hətta indi yaralarının hələ də təzə olduğu mövcud vəziyyəti ilə bizimkidir, özümüzünküdür. Hər qarışında milli ruhumuzun pozulmaz-silinməz nişanə və rəmzləri var. Ulu öndər Heydər Əliyevin sözlərini xatırlayaq: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. Tarixə dərindən bələdliklə, dahiyanə deyilmiş, Şuşanın xalqımız, dövlətimiz üçün əhəmiyyətini tam aydınlığı ilə bəyan edən  sözlərdir. Ulu öndər bu böyük tarixi abidədə  Azərbaycan ruhunun qorunub saxlanması üçün respublikaya rəhbərliyinin birinci dövründə misilsiz işlər görmüş, hələ o vaxt şəhəri erməniləşdirmək cəhdlərinin qarşısını kəskinliklə almış, hətta ermənilərin özlərini belə Şuşada xalqımızın mənəvi dünyası önündə baş əymək məcburiyyətində qoymuşdur. 1982-ci ilin qarlı-şaxtalı fevralında M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edən, bu möhtəşəm abidənin açılışına, orada səslənən Azərbaycan poeziyası nümunələrinə əl çalanlar, alqışlayanlar arasında başındakı və qəlbindəki millətçilik zəhərini üzə vurmağa cəsarət etməyən neçə-neçə erməni ziyalısı da vardı... Ümumən, ulu öndər siyasi hakimiyyətdə olduğu sovet dövründə erməni millətçilərinin  fitnəkar niyyətlərinin rişə atmasının qarşısını qətiyyətlə alır, separatçılığa meyil göstərənlərin dövrün qanunları çərçivəsində cəzalandırılmasına nail olurdu.

Təəssüf ki, müstəqilliyin bərpası ərəfəsində və sonrakı bir neçə ildə Azərbaycandakı ictimai-siyasi xaos, dövlət idarəçiliyindəki naşılıq Qarabağda separatizmin baş qaldırmasına və genişlənməsinə,  ermənilərin bu əraziləri ələ keçirmək planlarının işə salınmasına və torpaqlarımızın işğalına şərait yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər bir kəndimizin, şəhərimizin işğal altına düşməsi faciə idi, amma Şuşanın ermənilərə təslim edilməsi ən ağır, ən ağrılı itkimiz oldu. Bu faciənin günahkarlarının AXC-Müsavat cütlüyü olduğunu hamımız yaxşı bilirik: məhz onlar   hakimiyyəti yıxmaq üçün təxribat törədərək Şuşanı düşmənə təhvil verdilər. Həmin hadisələri təhlil etmək fikrimiz yoxdur, ancaq Azərbaycanın ruhunun bariz təcəssümü olan bir şəhəri itirməyin sonrakı fəsadları da hamımıza yaxşı məlumdur. Bununla belə, Şuşa sanki ona xəyanət edənlərin acığına öz duruşunu, qamətini şax saxladı, düşmən qarşısında əyilmədi... Elə M.P.Vaqifin məqbərəsinin özü bu fikri rəmzləşdirmirmi? Ermənilər imkanları çatan qədər onu vandalizmə məruz qoyublar, amma qamətini sındıra bilməyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa edilmiş məqbərə onun Müzəffər siyasi varisi, Qarabağ uğrunda müqəddəs savaşdakı Zəfərin memarı, Prezident İlham Əliyevin göstərişi ilə eyni formada və məzmunda bərpa edildi, qalib xalqımızın mənəvi dünyasına və ruhuna yenidən işıq saçmağa başladı.

Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verərkən möhtərəm Prezidentimizin indi dilimizdə əzbər olan xitabını xatırlayaq: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!  Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Şuşanın Azərbaycan üçün əziz olduğunu vaxtilə səmimi bir duyğu ilə ifadə edən ulu öndər Heydər Əliyevin  ata vəsiyyətini yerinə yetirən qəhrəman övladın bu xitabı bizi həm kövrəltmiş, həm də qürurlandırmışdı... Bu gün isə fərəhimiz aşıb-daşır: Şuşa sürətlə dirçəlir, mədəniyyət paytaxtı kimi öz  missiyasını şərəflə yerinə yetirməyə başlayır. Buradakı Azərbaycan ruhu öz gücü və qüdrəti külli-Qarabağın dirçəlməsi üçün əvəzsiz rol oynayır.

Son bir ilədək müvəqqəti işğalı altında saxladığı bütün ərazilərdəki milli ruhumuzu qaşıyıb-silmək üçün təcavüzkar Ermənistan hansı bəşəri cinayətlərə əl atmayıb?! Məscidlərimizi dağıdıb, yaxud da murdarlayıb, tarixi abidələrimizi məhv edib, qəbiristanlıqlarımızda görünməmiş vəhşiliklər törədib. Amma tamamilə xaraba qoyulan bütün şəhər və kəndlərimizdə Azərbaycan ruhunun rəmzi olan nələrisə tapmaq mümkündür, xalqımızın min illər boyu bu torpaqlarda saldığı izləri silib yox etmək fitnəkar, lakin aciz düşmənə müyəssər olmayıb: müəyyən memarlıq elementləri qalan tikililərdən ta uçurulub-yıxılan məzar daşlarına qədər hər bir yadigarda milli kimliyimizin izləri aydın görünür.

Hələ təbiət özü: sanki həqiqi sahiblərini gözləyirmiş otuz il... Cənab Prezident Mehriban xanımla birlikdə işğaldan azad edilmiş ərazilərə hər səfərində Qarabağın təbiətlə bağlı fikirlərini dərin bir səmimiyyətlə ifadə edir: “Günəş yolumuzu işıqlandırır... Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan təbiətidir”. İnsanla təbiətin ruhundakı ahəngdarlıq ilahi bir sirdir və azad Qarabağ torpağında da bu ilahi sirr özünü aydın şəkildə büruzə verir. Bu günlərdə Kəlbəcərə səfər edən yerli sakinlərdən birinin vaxtilə doğma kəndlərində olan, lakin işğal vaxtı itib gedən bulağın gözünü necə açdığını təsvir edən video diqqətimi cəlb etdi. Sanki bulaq sahibinin əlindən güc-qüvvət alırmış kimi yerin altından sevinclə üzə çıxmağa, yenidən qaynamağa başladı.

...Sentyabrın 27-də Azərbaycanın işğalçı Ermənistanın Qarabağdakı silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatına başlamasının bir ili tamam olacaq. Dövlətimizin başçısı da, onun komandanlıq etdiyi ordu da və xalqımız da haqq işimizin qalib gələcəyinə inanırdı və bu inam 44 gün ərzində doğruldu. Mübarizəmiz Azərbaycan ruhu ilə yoğrulmuşdu:  düşmənin alınmaz hesab etdiyi istehkamları Ali Baş Komandanın əmri ilə qəhrəman oğullarımız təkcə müasir və güclü silah-sursatla deyil, həm də saf mənəviyyatla, misilsiz döyüş ruhu ilə əzib keçdilər. Biz daim irəlilədik, düşmən hər an qaçdı və məğlub oldu. Azərbaycan ruhu nəinki Qarabağ torpaqlarında, qədim və tarixi yurdumuz olan Zəngəzurda da yaşayır, o yerləri heç vaxt da tərk etməyəcək. Biz mütləq o torpaqlara da qayıdacaq, öz əbədi ruhumuza qovuşacağıq...

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.