Yenilənmiş 50 manatlıq pul nişanı beynəlxalq müsabiqədə finalçılar sırasında
Digər xəbərlər

Yenilənmiş 50 manatlıq pul nişanı beynəlxalq müsabiqədə finalçılar sırasında

"2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı" nominasiyası üzrə ABŞ-ın tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən beynəlxalq müsabiqə keçirilmişdir. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi müsabiqə nəticəsində finalçılar sırasına seçilmişdir.

Bu barədə Mərkəzi Bankdan verilən məlumata görə, 2021-ci ildə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən tədavülə buraxılmış pul nişanları bu müsabiqədə iştirak edir.

Qeyd edək ki, ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycanın yeni 50 manatlıq pul nişanı "ən təhlükəsiz mühafizə sisteminə malik banknot" nominasiyası üzrə qalib seçilmişdir.

AMB bildirir ki, yenilənmiş 50 manatlıq pul nişanı hazırda dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Bəybala BƏYBALAYEV,

"Respublika".