Yeni zirvələrə doğru
Region

Yeni zirvələrə doğru

Avqustun 23-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil  Azərbaycanda ən mütərəqqi, ən monolit partiya olmaqla milyonların sevgisini qazanıb. Cənab İlham Əliyev ümummilli liderimizin strateji inkişaf kursunu  böyük əzmlə, uğurla davam etdirərək Azərbaycanı sosial-iqtisadi yüksəlişinə, demokratik nailiyyətlərinə görə dünya ölkələri sırasında ön sıraya çıxarıb. Xalq-Prezident-Ordu vəhdəti 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynadı. O vurğulayıb ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm mərhələsini yaşayır. Partiyamız  cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox  vətəndaşı birləşdirən siyasi-ideoloji güc mərkəzidir.
A.Kərimli qeyd edib ki, hazırda  rayon təşkilatında partiya üzvlərinin sayı 9761 nəfərdir. Onların 4460 nəfəri gənclər, 3704 nəfəri isə qadınlardır.
Sonra Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədr müavini Səfər Abuşovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Kürdəmir rayon təşkilatı İdarə Heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin direktoru Durriyə Seyidova və rayon təşkilatının İdarə Heyətinin üzvü, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və rayon təşkilatının Gənclər Birliyinin sədri, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının müdiri Rauf Abuşov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat Şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqət mərkəzindədir. Partiyamızın sədri cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin vacibliyini önə çəkərək son 18 ildə bu vədini əməli ilə təsdiqlədi. Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirən güclü dövlət olaraq bölgənin stabilliyinin qarantı rolunu oynayır.
Konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Ə.Tağıyev YAP Kürdəmir rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzuladı.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

                                                          Tofiq HÜSEYN,

                                                        “Respublika”.