Yeni tibb məntəqəsi
Səhiyyə

Yeni tibb məntəqəsi

Yaponiya hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Beyləqan rayonunun İmamverdilər kəndində inşa edilən tibb məntəqəsinin açılışı olub.

Açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi, millət vəkili Razi Nurullayev, Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan-Yaponiya münasibətləri barədə çıxış edərək bildirmişdir ki, Yaponiya hökuməti ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur. Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Bu dostluğun təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur. İcra başçısı görülmüş bu işlərə görə Yaponiya hökumətinə minnətdarlıq etmiş, əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminliyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Yaponiya dövləti bu vaxta qədər Azərbaycanda, o cümlədən rayonda böyük sosial layihələr həyata keçirmişdir. Hazırda İmamverdilər kəndində tikilmiş tibb məntəqəsi Yaponiya hökuməti tərəfindən rayonda həyata keçirilən 4-cü sosial layihədir.

İmamverdilər kənd sakinləri inşa edilən tibb məntəqəsi üçün Yaponiya hökumətinə təşəkkür etmiş və görülən işdən məmnun qaldıqlarını bildirmişlər. Bu gün 1500 nəfər əhalisi olan, rayon mərkəzindən 40 km uzaqlıqda yerləşən İmamverdilər kəndində tibb müəssisəsinin istifadəyə verilməsi sakinlər üçün önəmli hadisədir.

 Ərəstun ABDULOV,

 “Respublika”.