YENİ TƏMİR OLUNMUŞ MƏKTƏBİN AÇILIŞI OLDU      
Region

YENİ TƏMİR OLUNMUŞ MƏKTƏBİN AÇILIŞI OLDU      

Mingəçevirdə şəhid Vaqif Ağakişiyevin adını daşıyan 12 nömrəli tam orta məktəb əsaslı təmir olunub.  Vaqif Ağakişiyev Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş və Mingəçevirin ilk dörd şəhidindən biridir. 24 yaşlı qəhrəman şəhidimizin adını daşıyan  məktəbdə şəhidə aid xüsusi guşə yaradılıb. Təəssüf ki, pandemiya səbəbindən yaranan məhdudiyyətlər məktəbin təntənəli açılış mərasiminin keçirilməsinə imkan vermədi. Tədbir Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin  sektor müdiri Fuad Qarayev, nazirliyin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadə, şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, 12 nömrəli məktəbin direktoru Sevda İsmayılova  iştirak edirdi. Dövlət rəsmiləri  məktəbin girişində nəfis şəkildə tərtib olunmuş ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərinə səfərlərini əks etdirən guşələrə baxışla başladı. Bundan sonra bir neçə sinif otağına baxış keçirildi. Qeyd edək ki, 12 nömrəli tam orta məktəb 450 şagird yerlikdir və cəmi 23 sinif otağı var. Məktəb binası 1969-cu ildə tikilərək istifadəyə verilib və ilk dəfədir ki, əsaslı təmir olunub. Yüksək səviyyədə təmir olunmuş və ən müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, laboratoriyalar, akt və idman zalları, yeməkxana, kitabxana və müxtəlif fənn kabinetləri müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbə baxış keçirən Mingəçevir Şəhər İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov görülən işləri yüksək qiymətləndirərək bu diqqət və qayğıya görə praqmatik dövlət başçısı, ölkə  Prezidenti cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qədirbilən mingəçevirlilər adından minnətdarlığını bildirdi. Dövlətin bu yüksək qayğısının müqabilində, şəhər Təhsil şöbəsinin  və məktəb rəhbərliyinin qarşısında mühüm vəzifələr durduğunu da dilə gətirdi. Kollektivə uğurlar arzuladı.

   Zabit XƏLİLOV,

    “Respublika”.