Yeni reallıqlar Azərbaycan qazına tələbatı daha da artırır
MÜSAHİBƏLƏR

Yeni reallıqlar Azərbaycan qazına tələbatı daha da artırır

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın enerji strategiyası görülən effektli işlər, həyata keçirilən nəhəng layihələr, qəbul olunan mühüm qərarlar sayəsində dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib.

Həmçinin, ölkəmizin durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb. Artıq beynəlxalq aləm dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər.

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Demək olar ki, bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır və Azərbaycan qazının Avropa bazarında satış dairəsi genişlənir: Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq və bu ölkənin tələbatının 25-30 faizini ödəyəcək. Aydın görünür ki, yeni reallıqlar fonunda Azərbaycan qazına tələbat durmadan artır və ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliya kimi ölkələrin qaz təchizatında önəmli rol oynayır və bu sıraya artıq Bolqarıstan da daxil oldu. Bolqarıstan Prezidenti cənab Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədirlər. Bu, onu göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu bu sahədə Azərbaycanla əməkdaşlıqda görürlər. Açılış mərasimində səslənən fikirlərdən də göründü ki, ölkəmizin etibarlı tərəfdaş olduğu hər zaman təqdir olunur və təbii ki, əməkdaşlıqda bu məsələ son dərəcə vacib amildir. Dövlətimiz atdığı hər bir imzasına hörmətlə yanaşıb, enerji ixracına başladığı gündən indiyə kimi təchizatda heç bir gecikmə olmayıb, müqavilə şərtləri dəyişməyib, bir sözlə, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirərək vəzifələrini vicdanla icra edib.

Ölkəmiz 2027-ci ilə qədər təbii qazın təchizat həcmini iki dəfə artırmaq niyyətindədir, həmçinin Avropanın elektrik enerjisi ilə təchizi məsələsi də gündəmdədir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan qoca qitənin elektrik enerjisi ilə təchizatında mühüm ölkələrdən birinə çevriləcək. Və bütün bunlar ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, valyuta ehtiyatlarının büdcə gəlirlərinin artmasına, iqtisadi imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.