Yeni qanun və siyasi konfiqurasiya
Digər xəbərlər

Yeni qanun və siyasi konfiqurasiya

Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cəmiyyətin idarə edilməsində əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, həm də yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan, "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu da partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq. Yeni, mütərəqqi qərarların qəbulu ölkədə demokratik mühitin daha da təkmilləşdirilməsinə xidmət edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə atılan bütün addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür. Bu səbəbdən deyə bilərik ki, yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək.

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən siyasi islahatların əsaslı təzahürlərindən sayıla bilər. 44 günlük müharibədə qazandığımız tarixi Zəfər ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, bölgənin super gücü kimi Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi ölkədə siyasi plüralizmi dərinləşdirməklə yanaşı, daha təkmil, daha mükəmməl siyasi konfiqurasiyanın formalaşmasına təkan verib. Artıq qüvvədən düşmüş "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul edilmişdi. Ölkədə formalaşan yeni sağlam siyasi mühit qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.

Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi "Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət", Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy", inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-nin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Diqqətçəkən məqamlardan biri də budur ki, qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl parlamentin nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra sənədə müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə, sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.

Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət tərəfindən qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin, dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərini həyata keçirməsi üçün hər cür şərait yaradır.

Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Milli Məclisin saytında yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin təkliflərinə böyük diqqət verilib.

Yeni Azərbaycan Partiyasının yubiley mərasimində Prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi: Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan etdi. Yüzlərlə məsləkdaşı ilə bərabər, 50-yə qədər partiya rəhbərinin öz siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə birgə görməsi tarixi hadisə idi. Ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional, konstitusion dəyişikliklər "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi ilə nəticələndi.

Onu da qeyd edək ki, yeni Qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir: İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda olan bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir. Birmənalı olaraq deyə bilərik ki, yeni qəbul edilmiş siyasi partiyalar haqqında qanun ölkənin ictimai-siyasi həyatında müasir çağırışların və mövcud vəzifələrin reallaşmasına, hüquqi əsasların daha da təkmilləşməsinə xidmət edəcək. Bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq.

Bu kontekstdə ölkədə siyasi partiyaların formalaşmasının siyasi və nəzəri aspektlərinə diqqət yetirmək lazımdır.

Çoxpartiyalılıq müasir demokratik inkişafın məntiqindən doğan və ictimai inkişafın aparıcı təmayüllərindən biri kimi cəmiyyətin təşkilinin mühüm formasıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təkpartiyalı sistemin inhisarından çıxaraq çoxpartiyalı demokratik cəmiyyət quruluşuna başladı. Qısa müddətdə sağ, sol, mərkəzçi təmayüllü partiyalar formalaşdı və cəmiyyətin siyasi təşkilində müəyyən rol oynadı. Amma cəmiyyətin siyasi həyatında uzun müddətdir ki, aparıcı rolunu qoruyub saxlayan, hakimiyyətin bütün qanunverici, icraedici və digər qollarında yüksək təmsilçilik səviyyəsi olan Yeni Azərbaycan Partiyası özünün avanqard rolu ilə seçilir.

 

Ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda siyasi və iqtisadi islahatların artıq yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, pozitiv proses iqtidar-müxalifət münasibətlərinin müzakirələr və qarşılıqlı dialoq vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bu, cəmiyyətimizin ictimai-siyasi həyatında baş verən dərin keyfiyyət dəyişilikliyi, siyasi idarəçiliyimizi dünya standartları səviyyəsinə qaldırmaq naminə ortaya qoyulan siyasi iradənin göstəricisidir.

 

Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşdi. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi və ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi. Bu, həm də siyasi partiyaların fəaliyyətini canlandırmaq, cəmiyyətin ictimai-siyasi həyatında oynadıqları rola yeni impuls vermək, onları cəmiyyətin təkmilləşən siyasi strukturuna daha da uyğunlaşdırmaq məqsədi daşıyırdı. Qeyd edilməsi vacibdir ki, şöbə ilk günlərdən bu işin səmərəliliyini təmin etmək, fundamental dövlətçilik və milli məsələlər ətrafında siyasi partiyaların sıx əməkdaşlığının yaradılmasına novatorcasına yanaşmaqla qısa müddətdə ciddi nəticələr əldə etdi. Partiya nümayəndələri ilə, tanınmış ictimai-siyasi xadimlərlə aparılan görüşlər, burada ölkə həyatının ən vacib məsələlərinin səmimi və şəffaf surətdə müzakirəsinin təşkili qısa müddətdə açıq və prinsipial mühitin formalaşmasına gətirib çıxardı.

Onu da qeyd edək ki, siyasi plüralizm və çoxpartiyalı siyasi sistem ideyası Azərbaycanda demokratik cəmiyyət quruculuğunun əsas meyarı kimi öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Açıq etiraf etmək lazım gəlir ki, bir müddət partiyaların yaradılması, onların qeydə alınması və səmərəli fəaliyyətlərinin təmin edilməsi sahəsində qaydalar hələ tam oturuşa bilməmişdi. "Siyasi partiyalar" haqqında Qanunun mövcudluğuna baxmayaraq, ölkədə siyasi partiyaların bu qanuna uyğun fəaliyyətlərində müəyyən qüsurlar var idi. Partiyalar üçün qoyulmuş üzvlük baryerinə əməl edilməməsi, partiyalarda sənədləşmənin aparılması qaydalarının normativ aktlara uyğun olmaması, onların aidiyyətiı orqanlar qarşısında maliyyə və digər hesabatlarının verilməməsi bu işlərdə pərakəndəliyi və sistemsizliyi artırırdı. Elə bu səbəbdən də partiyaların ideoloji, siyasi və digər əlamətlərə görə fərqləndirilməsi, onların nizamlı sisteminin formalaşdırılması müəyyən çətinliklərlə üzləşirdi.

Şöbə tərəfindən aparılmış ilk monitorinq nəticəsində müəyyən edilmişdir ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6 sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər. Həmçinin, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən, fəaliyyətlərində etinasızlıq, süni imitasiyalarla hərəkət edən qüvvələr, faktiki olaraq kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində özlərini yada salmaqla kifayətlənmişlər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün əsl mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş və faktik olaraq ictimai rəyi yanıltmaqla məşğul olmuşlar. Beləliklə, Nizamnamədə təmtəraqlı surətdə bəyan edilmiş siyasi hədəflər, geniş partiya quruculuğu və siyasi proseslərdə fəal iştirak etmək vəzifələri bir kənarda qalmış, siyasi partiya faktik olaraq siyasi manipulyasiyalarla məşğul olmuşdur.

Azərbaycan Prezidentinin tapşırığı ilə şöbənin rəhbərliyi həmin dövrdə 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, bir çox tanınmış siyasi xadimlə, eləcə də real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq ümumiləşdirilmiş, bunlarla bağlı praktik tədbirlərin görülməsi üçün müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı siyasi sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir. Bu proses faktiki olaraq iqtidar-müxalifət dialoqunun bir növ başlanğıcını qoymuş, bu münasibətləri tədricən normal və konstruktiv məcraya yönəltmişdir. Beləliklə, ölkə Prezidentinin siyasi partiyalara daimi diqqəti sonradan bu prosesin həcmli və miqyaslı bir işə çevrilməsinə güclü təkan vermiş, Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesinə daha intensiv təsir etmişdir.

44 günlük müharibədə qazandığımız tarixi Zəfər ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, bölgənin super gücü kimi Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi ölkədə siyasi plüralizmi dərinləşdirməklə yanaşı, daha təkmil, daha mükəmməl siyasi konfiqurasiyanın formalaşmasına təkan verib.

 

Aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü və formalaşmasında əvəzsiz rol oynadı. Məhz bunların nəticəsidir ki, bu gün cəmiyyəti maraqlandıran müzakirə və polemikaların küçə və meydanlardan parlamentə, digər hakimiyyət orqanlarına və ciddi kütləvi informasiya vasitələrinə daşınmasına daha yaxşı şərait yaradılıb, cəmiyyətin mənəvi mühiti ölçüyəgəlməz dərəcədə sağlamlaşıb. Buna Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız möhtəşəm Zəfərin yaratdığı ovqat da öz təsirini göstərmişdir.

Nəzərə alınmalıdır ki, parlament plüralizmi fərqli fikirlərin azad və sərbəst rəqabətinə yol açmaqla bir yandan cəmiyyətdəki fikir plüralizminin parlamentə daşınmasına, digər tərəfdən isə demokratik baxış və rəylərin cəmiyyətin siyasi mədəniyyətində möhkəm kök salmasına yol açır. Fərqli fikir və baxışların bu cür yarışı həm cəmiyyətdəki düşüncə gərginliyini səngidir, həm də inkişafımızın ən doğru və düzgün yolunu axtarıb tapmaqda ölkə rəhbərliyinə kömək edir.

O da xüsusi vurğulanmalıdır ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda siyasi və iqtisadi islahatların artıq yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, pozitiv proses iqtidar-müxalifət münasibətlərinin müzakirələr və qarşılıqlı dialoq vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bu, cəmiyyətimizin ictimai-siyasi həyatında baş verən dərin keyfiyyət dəyişilikliyi, siyasi idarəçiliyimizi dünya standartları səviyyəsinə qaldırmaq naminə ortaya qoyulan siyasi iradənin göstəricisidir.

Siyasi konfiqurasiyanın yeni forması artıq bir vaxtlar mövcud olmuş siyasi konfrontasiya mühitini siyasi dialoq və barış müstəvisinə gətirməyə imkan vermiş, cəmiyyəti xeyli sabitləşdirmiş, yeni siyasi ənənələrin, siyasi mədəniyyət nümunəsinin formalaşmasına rəvac vermişdir. Siyasi partiyaların qeydiyyatının davam etdirilməsi, yeni partiyalar hesabına cəmiyyətin təşkilatlanmasının, cəmiyyətin siyasi ab-havasının daha yaxşı tənzimlənməsinin təmin edilməsi siyasi plüralizmin dərinləşməsinə və çoxpartiyalı siyasi sistemin inkişaf edib möhkəmlənməsinə yeni perspektivlər açmışdır. İndi siyasi partiyalar da, onların liderlərinin qayğıları da hər bir Azərbaycan vətəndaşı kimi dövlətin, Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Bu genişmiqyaslı işdə Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin oynadığı rolu nəzərdən qaçırmaq olmaz.

Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Real praktikada bəzən eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan 51-nin bir araya gəlməsi, ümummilli məsələləri müzakirə edərək vahid mövqe ortaya qoyması uğurlu nəticədir. Bu, dövlətçilik uğrunda birləşməyin, milli vəhdətin bariz nümunəsi, həm də aparılmış ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin nəticəsidir.

Bizcə, müxalifət hakimiyyətin bu xoş niyyətlərinə adekvat cavab verməyi bacarmalıdır. Amma AXCP və Milli Şuranın timsalında radikal müxalifətin qeyri-konstruktiv fəaliyyətləri, qeyri-ciddi arqumentlərdən ibarət davranışları bir daha onların mövqelərinin əsassızlığını və intriqa xarakteri daşıdığını ortaya qoyur. Onlar ölkə Prezidentinin siyasi və iqtisadi islahatlar kursuna, Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə yönəldilmiş tədbirlərinə, Vətən müharibəsindəki misilsiz qələbəmizə kölgə salmağa çalışırlar. Bu açıq-aşkar dövlətə qarşı getmək, Azərbaycan əleyhinə bəzi xarici mərkəzlərin sifarişlərini yerinə yetirmək deməkdir.

Qabil HÜSEYNLİ,

fəlsəfə elmləri doktoru, professor.