Yeni neft erasının başlanğıcı
İQTİSADİYYAT

Yeni neft erasının başlanğıcı

20 sentyabr 1994-cü ildə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında" sazişin imzalanmasıyla Azərbaycan neft sənayesi tarixində tamamilə yeni era başlandı. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı oldu.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan hökumətinin BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığının təməli qoyuldu. Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə Azərbaycanla yanaşı, dünyanın 7 ölkəsinin - ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta" şirkətləri) iştirak edib. Bununla da müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası formalaşdı. Tezliklə rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradıldı ki, həmin strukturlarda hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də isə Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində "Əsrin kontraktı"nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı. "Əsrin müqaviləsi" üzrə ilkin neftin çıxarılması münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdi: "Bizim imzaladığımız müqavilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir. Biz böyük, xoşbəxt gələcəyin astanasında durmuşuq. Biz bunun təməl daşını, əsasını qoymuşuq".

Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarından Azərbaycanın müstəqilliyinin gücləndirilməsi üçün istismarı və xarici investisiyaların cəlb edilməsi məqsədilə cəsarətli siyasi addımlar atıldı. Elə ilk günlərdən o vaxt ARDNŞ-in xarici əlaqələr üzrə birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesində yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı olmuş və çoxsaylı görüş və danışıqlarda, ilk növbədə Azərbaycan xalqının, dövlətinin maraqları əsas götürülmüşdü. Bu, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermiş oldu. Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. "Əsrin müqaviləsi"ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi. 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. Həmin ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə hesab etdiyi əsas ixrac neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. Ölkəmizə 100 milyard dollarla sərmayə cəlb edildi.

2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalandı. "Şahdəniz" yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. 2018-ci ildə böyük təntənə ilə həm TANAP, həm Cənub Qaz Dəhlizi açıldı və bu gün TANAP uğurla fəaliyyət göstərir. 2020-ci ildə Cənub Qaz Dəhlizinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Bu, Azərbaycanı bir dövlət olaraq gücləndirən, təsir imkanlarını artıran, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən ciddi hadisə idi.

Bu sərmayələr həm neft sektorunu əhatə etdi, həm də qeyri-neft sektoruna yatırıldı və müasir Azərbaycanın inkişafının təməlləri formalaşmağa başladı. Dünya praktikasında biz neft-qazla zəngin ölkələrin çoxunun acınacaqlı talelər yaşadığını da görmüşük. Amma Azərbaycan dövlətinin rəhbərliyində xalqa xidmət etmək missiyasını öz öhdəsinə götürmüş bir liderin dayanması neft resurslarının milli sərvət olaraq xalqa xidmətini təmin etmiş oldu.

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətlərinin rəsmiləri imzaladı. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı. Beləliklə, "Yeni əsrin müqaviləsi" yeni şərtlərilə Azərbaycanın neft siyasətində növbəti uğurlarının başlanğıcını qoydu. Yeni müqavilənin imzalanması onu göstərdi ki, yataqların gələcək dövrdə işlənilməsində maraqlı olan xarici neft şirkətləri var və Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkədir. Etibarlı tərəfdaş kimi xarici sərmayədarların diqqətini cəlb edir. Lakin dəyişən bir mühüm məqam var ki, "Yeni əsrin müqaviləsi"ndə bütün şərtləri Azərbaycan diktə edir. Bu, ölkəmiz üçün tarixi əhəmiyyətli hadisə oldu. Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi.

Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş sazişin imzalanma mərasimində vurğulayıb: "Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün".

2019-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olundu. "Yeni əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyuldu. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir. Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr). 2022-ci ilin əvvəlinədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinə 41 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub və bu blok üzrə 546 milyon ton neft hasil edilib, 49 milyard kubmetrdən artıq səmt qazı hasil olunaraq Azərbaycan hökumətinə verilib. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilib. Ölkəmizin sürətli iqtisadi inkişafının, sosial rifahının təmin edilməsinin, güclü orduya malik olmasının təməlində "Əsrin müqaviləsi" dayanır.

Mustafa KAMAL,

"Respublika".