Yeni məktəb binası istifadəyə verilib
Sosial həyat

Yeni məktəb binası istifadəyə verilib

Bərdə rayonunun Qaradəmirçi kənd  müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 22-də həmin kənddə yeni məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev,  Millət vəkili Zahid Oruc, rayonun təhsil və hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak etmişlər.

Çıxış edənlər  ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə atılan uğurlu addımlardan danışmış, valideynləri, məktəbin müəllim və şagird kollektivini təbrik  etmiş,  onlara uğurlar arzulamışlar. Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Bu il imtahanlarda iştirak edən 1195 nəfər   məzundan 1 nəfər Qızıl medalla, 24 nəfər Fərqlənmə ilə, 1170 nəfər  orta məktəbi adi attestatla bitirmişdir. 848 nəfər   ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 491 nəfər   qəbul olub. 13 nəfər 600-dən yuxarı, 67 nəfər 500-dən yuxarı bal toplamışdır. Orta ixtisas təhsili müəssisləri üzrə qəbul olunanların sayı 161 nəfər olmuşdur. Əvvəlki illərin məzunları ilə birlikdə bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlərin sayı 1032, qəbul olunanların sayı 540 nəfər (52,33 faiz) olmuşdur. Onlardan xüsusi təyinatlı təhsil müəssisələri üzrə qəbul olunanların sayı 15 nəfərdir. Orta ixtisas təhsili müəssisləri üzrə qəbul olunanların sayı 232 nəfər olmuşdur.

Qeyd olunub ki, məktəb Birinci Qarabağ müharibəsi şəhidi Feyruz Sadıqovun adını daşıyır. Məktəbin uğurlu nəticələri var. 2020-2021-ci tədris ilində məktəbi 34 nəfər bitirib, 17 nəfər ali məktəbə, 6 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məktəbdə 61 nəfər  müəllim işləyir. Onlardan 1 nəfəri Respublikanın Əməkdar müəllimi, 1 nəfər “Tərəqqi” medallı müəllimdir. Yeni tikilmiş bina 624 şagird yerlikdir. Məktəbdə 26  sinif otağı, 2 kompüter, 2 texnologiya, fizika, kimya, biologiya,  hərbi kabinetləri olmaqla cəmi 8 kabinet, 80 yerlik bufet, 200 yerlik iclas zalı, sahəsi 540 kv. metr olan idman zalı, açıq havada stadion və s. var. Məktəbdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Məktəbin direktoru Hakim Ələkbərov yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə etmişdir.

Vəli VƏLİYEV,

“Respublika”.