Cəlilabad rayonunun Privolnoye kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açılışda iştirak edib. İki mərtəbədən ibarət olan məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib.Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.Privolnoye kənd körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.
Ərəstun ABDULOV,
“Respublika”.