Yeni kitablar
Mədəniyyət

Yeni kitablar

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə dahi şairin lirik şeirlərinin tədqiqinə həsr edilmiş "Nizaminin lirikası və..." adlı yeni monoqrafiya nəşr etdirmişdir. Professor Xəlil Yusiflinin müəllifi olduğu Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqinə həsr edilmiş ilk monoqrafiya hələ 1968-ci ildə işıq üzü görmüşdür.

"Nizami lirikası və..." adlı yeni kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin "Nizami ili" elan olunması ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində çap olunub və kitaba müəllifin müxtəlif dövrlərdə dahi şairin həyatının tədqiqi ilə bağlı yazdığı məqalələr də daxil edilib.

Nizami Gəncəvi dünya şöhrətli "Xəmsə"si ilə bərabər lirik şeirlər divanı ilə də məşhurdur. Şairin lirik şeirləri qəsidə, qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi epik şeir sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyük sənətkardır. Nizaminin lirik şeirləri, əlbəttə bütöv bir tarixi dövrün aynası olan "Xəmsə" qədər şöhrət qazanmamış, onun qədər yayılmamış, bütövlükdə bizə gəlib çatmamışdır. Lakin hazırda şairin lirikasından əldə olan nümunələr göstərir ki, Nizami bu sahədə də ən qüdrətli şairlərdən biri olmuş, yaradıcılığının əvvəlindən axırına qədər çoxlu miqdarda lirik şeirlər yazıb yaratmışdır.

Əslində böyük şair yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmiş, lirik və epik ünsürlərin sıx vəhdətindən yaranmış olan, həmçinin daha böyük lövhələr, zəngin fikirlər ifadə etməyə imkan verən poemalarını yazmışdır. Böyük şair poemaları ilə yanaşı, bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik poeziyasının ən gözəl nümunələrindən olan məşhur "Qocalıq" şeiri ilə yekun vurmuşdur.

Nizami lirik şeir sahəsindəki bu fəaliyyətinə "Xəmsə"də dəfələrlə işarə etmişdir. O, öz lirik şeirlərini poemaları ilə yanaşı qoyur, bu şeirləri "Xəmsə"dən zəif, yaxud "Xəmsə"yə əlavə hesab edən hər cür fikirləri rədd edir.

Kitab Nizami lirikasının ideya-bədii xüsusiyyətləri, "Xəmsə"də lirik ünsürlər və ricətlər, Nizami lirikasının özündən sonrakı yaxın Şərq ədəbiyyatına təsiri, yaxud Nizaminin lirik şerlərinə yazılmış cavablar tədqiq və şərh olunmaqla 4 fəsildən ibarətdir. Bundan başqa kitabda Nizamiyə ünvanlanmış məktublar və Nizami haqqında yazılmış məqalələr də yer alır.

Kitabın adı Şirvan şahı Axsitan ibn Mənuçöhrün (XII əsr) Nizamiyə göndərdiyi məktubdan götürülmüşdür. O, Nizamiyə "Cadu soxən-e cəhan Nezami" deyə müraciət etmişdir.

"Nizami lirikası və..." kitabının tərtibçiləri dosent Afaq Yusifli və AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Təranə Verdiyevadır.

Monoqrafiya Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqi ilə bağlı aparılacaq yeni tədqiqatlar üçün qiymətli mənbədir.

Vaqif TANRIVERDİYEV,

Gəncə.