Yeni Fərman ölkəmizdə müasir çağırışlara cavab verən informasiya mühitinin gücləndirilməsinə diqqətin növbəti bariz nümunəsidir
Digər xəbərlər

Yeni Fərman ölkəmizdə müasir çağırışlara cavab verən informasiya mühitinin gücləndirilməsinə diqqətin növbəti bariz nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyev "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənədə əsasən, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb. Habelə, Medianın İnkişafı Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Fərman ölkəmizdə müasir çağırışlara cavab verən informasiya mühitinin gücləndirilməsinə dövlət başçısının daha bir diqqətinin bariz nümunəsidir. Milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir və məsuliyyətli medianın inkişafına təkan verəcək. Media Reyestrinin yaradılması ölkəmizdə  media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədinə xidmət edir. Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq. Bu "Media Reyestrinin aparılması Qaydaları"nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki açıq məlumatlarla tanış ola biləcəklər.

Qeyd edək ki, "Media haqqında" Qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb.  Jurnalistlərin könüllü  prinsiplərlə daxil olacağı reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub. Media Reyestrinin yaradılması ilə jurnalistlərlə bağlı bir sıra layihələrin jurnalistlərin, o cümlədən  sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbilərin  də həyata keçirilməsi nəzərdə tutulur. Reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyət mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq daha da yaxşılaşacaq.  "Media haqqında" Qanunda nəzərdə tutulan əsas yeniliklərdən biri vahid jurnalist vəsiqəsinin verilməsidir. Vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək və bu hal media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Eyni zamanda media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəst olacaqlar. Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək.  Xatırladaq ki, bir müddət əvvəl Media Reyestrinin aparılması qaydaları və jurnalist vəsiqəsi formasının layihələri Nazirlər Kabinetinə təqdim olunub.

"Media haqqında" Azərbaycan Respublikasının Qanunu 2022-ci il 8 fevral tarixində cənab Prezident tərəfindən təsdiq edilib və müvafiq qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabineti 2022-ci il 24 fevral tarixində sərəncam imzalayıb və həmin sərəncamla da Medianin İnkişafı Agentliyinə həm Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həm də jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasının hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Müvafiq tapşırıq MEDİA tərəfindən icra olunub, qeyd olunan layihələr hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilmişdi.

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və medianın inkişafına təminat yaradılması istiqamətində tədbirlərin görülməsi MEDİA Agentliyinin əsas vəzifələrindədir. Bu yaxınlarda Azərbaycanda kütləvi informasiya məhsullarının, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və əlavə dəyər vergisindən  (ƏDV) azad edildi. Bununla da, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına şərait yaradıldı. Bununla yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan ilkin layihə təqdim edilib və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə mərhələsindədir. Media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü kimi "Media haqqında" Qanunda da media subyektlərinə münasibətdə müəyyən güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulub. Media Reyestrinin fəaliyyətə başlaması üçün normativ-hüquqi bazanın formalaşması artıq  təmin olunub. Media Reyestri media subyektlərinin media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini  stimullaşdırmağa şərait yaradacaq. Media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi təmin olunacaq.

Mustafa KAMAL,

"Respublika".