Yeni əsrin layihəsi: Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə reallaşan bu boru kəmərindən bütün tərəfdaş ölkələr fayda götürəcək
Siyasət

Yeni əsrin layihəsi: Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə reallaşan bu boru kəmərindən bütün tərəfdaş ölkələr fayda götürəcək

Səngəçal terminalında Gürcüstan və Türkiyə üzərindən Avropaya qaz nəqlini təmin edəcək Cənub Qaz Dəhlizinin 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü günü, sentyabr ayının 20-də təməlqoyma mərasimi keçirilib. Mərasimə qatılan Azərbaycan Prezidenti İlham Əliyev və xarici dövlətlərin nümayəndələri borunun üzərinə imza atıblar.

Mərasimdə cənab İlham Əliyev deyib: “Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”. Ölkə başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Xatırladaq ki, hələ 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıblar. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışından sonra iyunun 30-da ilk kommersiya qazının Türkiyəyə göndərilməsi reallaşıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır. Onu da qeyd edək ki, TANAP boru kəməri ilə ilk mərhələdə hər il 16 milyard kubmetr qazın nəqli planlaşdırılırdı ki, bu həcmin 6 milyardı Türkiyəyə, yerdə qalanı isə Avropaya ötürülməlidir. Sonrakı mərhələdə ixrac həcmlərinin artırılacağı nəzərdə tutulurdu.

Beləliklə, 2014-cü ildə Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti - “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanılıb. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib. Dövlət başçımız Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd edib ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Layihənin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakter aldığını və böyük beynəlxalq əməkdaşlıq platforması olduğunu göstərir.

Cənub Qaz Dəhlizi ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell” şirkəti, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın “DEPA”, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel” və İsveçrənin “AXPO” şirkətləridir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır. Digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına siyasi və mənəvi dəstək göstərib və hərtərəfli kömək edib.

Azərbaycanın qaz ölkəsi kimi inkişafı da enerji siyasətinin prioritet istiqamətlərindəndir. Qaz sahəsinin son onilliklərdə aşağı karbonlu enerji növü olan təbii qazın ön plana çıxması mənbə və marşrutların diversifikasiyası və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırıb. Bu baxımdan, ölkəmizin mövqeyini gücləndirən Cənub Qaz Dəhlizi inkişafa da imkanlar yaradır. Onu da əlavə etmək lazımdır ki, söhbət Azərbaycandan Gürcüstana mövcud Bakı-Tbilisi-Ərzurum boru kəmərinə paralel tikiləcək yeni qaz kəmərindən gedir. Gürcüstan ərazisində (Qardabani) yeni boru kəməri nasos stansiyasına birləşdiriləcək və artıq mövcud olan qaz infrastrukturu ilə qaz Türkiyəyə ötürüləcək. Gələcək qaz kəməri - TANAP (Transanadolu) böyük həcmli qazı Bolqarıstana və oradan Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya çatdıracaq (TAP - Transadriatik boru kəməri). 10-dan çox ölkənin hökumət və dövlət nümayəndə heyətlərinin iştirakı ilə təntənəli tədbiri açan dövlət başçısı İlham Əliyev deyib ki, bu gün bir çox ölkələrin və bütövlükdə regionun taleyinə ciddi təsir göstərəcək növbəti energetika meqalayihəsinin təməli qoyulur.

Bu qaz kəməri Avropanın enerji təhlükəsizliyinin daha bir amilinə çevriləcək, keçdiyi ölkələrin iqtisadiyyatına və rifahına müsbət təsir göstərəcək. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu artacaq. “Azərbaycanda sübut edilmiş təbii qaz ehtiyatları 2,5 trln. kubmetr, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trln. kubmetr təşkil edir”, - deyə Prezident bildirib. Bolqarıstan prezidenti Rosen Plevneliev qeyd edib ki, Şərqi Avropa ölkələrinin yanacaqla təmin edilməsi məsələsi “zəif nöqtə” olaraq qalmaqdadır. Ukraynada davam edən böhran region ölkələrinin nə dərəcədə asılı olduğunu göstərdi. “Bolqarıstan 2019-cu ildə Cənub Qaz Dəhlizi vasitəsilə 1 mlrd. kubmetr qaz almağı planlaşdırır ki, bu da ölkənin iqtisadiyyatına və ümumi inkişafına təkan verəcək. Eyni zamanda, Bolqarıstan qaz kəməri qovşağı nöqtəsinə çevriləcək”, - deyən prezident əlavə edib ki, Sofiya qaz infrastrukturunun daha da genişləndirilməsinin və qlobal Nabucco layihəsinin reallaşmasının tərəfdarıdır. Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib ki, onun ölkəsi regional enerji layihələrində fəal iştirak edir və onları dəstəkləyir. Cənub Qaz Dəhlizi ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və tranzit ölkə kimi Gürcüstanın rolunu artıracaq. Tbilisi həm də türkmən və qazax qazının Avropa bazarlarına nəqlinə imkan verəcək Transxəzər qaz kəmərinin həyata keçirilməsinin tərəfdarıdır. Yunanıstanın baş naziri Antonis Samaras deyib ki, TAP qaz kəmərinin 543 km-i onun ölkəsindən keçəcək və bu kəmərlə qaz digər ölkələrə nəql ediləcək. Eyni zamanda, Yunanıstan ildə maye qaz həcmini 275 min. tona çatdıracaq. Daha sonra çıxış edən Monteneqro, Türkiyə, Norveç, Albaniya, İtaliya, Böyük Britaniya və ABŞ nümayəndələri Avropanın vahid enerji sisteminin elementinə çevriləcək bu layihənin tarixi əhəmiyyətini vurğulayıblar. Britaniyanın BP şirkətinin rəhbəri Robert Dadli qeyd edib ki, son 20 ildə “Əsrin kontrakt”ı çərçivəsində 2,5 milyard barel neft hasil edilib, 30 milyard dollar həçmində sərmayə qoyulub. BP və tərəfdaşları, həmçinin Azərbaycanın sosial, ekoloji, mədəni və idman fəaliyyətlərinə 60 milyon dollar töhfə verib. “Biz London 2012-ci il Olimpiya Oyunlarında Azərbaycanın rəsmi tərəfdaşı olduq və Birinci Avropa Oyunlarında da rəsmi tərəfdaş kimi iştirak etməyi səbirsizliklə gözləyirik”, - Dadli bildirib. O deyib ki, Cənub Qaz Dəhlizinin ümumi uzunluğu 3600 km-dir: “On illərlə davam edəcək 45 milyon dəyərində olan layihə milyonlarla istehlakçıya xidmət göstərəcək, on minlərlə iş yeri açılacaq”. BP şirkəti bunda iştirak etməsindən və şirkətin 2048-ci ilə qədər davam edəcək mövcud müqavilələr çərçivəsində Azərbaycanla əməkdaşlığından qürur duyur.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə öz marşrut yollarını şaxələndirərək dünyada təbii qazın ən çox istehlak edildiyi bazarlardan birinə öz təbii qazını daşımağa başlayıb. Bu gün dünyada kifayət qədər ölkələr var ki, enerji ehtiyatları baxımından zəngindir. Ancaq bu ölkələr enerji ehtiyatlarını inkişaf etdirə, təbii qaz hasilatını artıra, yataqları istismar edə bilmirlər. Bunun da əsas səbəblərindən biri odur ki, onlar öz marşrut yollarını şaxələndirə bilməyib, eyni zamanda, üçüncü tərəflərdən asılı vəziyyətdədirlər. Bu baxımdan Cənub Qaz Dəhlizi məhz Azərbaycanın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə dəyərli töhfə verir. Bundan başqa, Cənub Qaz Dəhlizi layihəsi ona imkan yaradıb ki, Azərbaycan öz təbii qaz yataqlarını inkişaf etdirə bilsin, bu istiqamətdə öz hasilatını, təbii qaz ixrac potensialını artıraraq öz gəlirlərini optimallaşdırsın. Qeyd edək ki, təbii qazın neftdən fərqli olaraq saxlanılması olduqca məşəqqətli və məsuliyyətlidir. Təbii qaz əsasən yeraltı qaz anbarlarında saxlanılır və bu da böyük vəsaitlər tələb edir. Buna görə təbii qaz yataqlarına investisiya qoyulmadan əvvəl, ilk növbədə, infrastruktura baxılır. Əgər infrastruktur varsa, ondan sonra o yataqlara investisiya qoyuluşu həyata keçirilir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanda həm “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi, həm də “Qarabağ”, “Abşeron”, “Ümid” kimi yataqların inkişaf etdirilməsi, gələcəkdə ölkənin digər perspektiv strukturlarının inkişafı və bu çərçivədə respublikamızın təbii qaz ixrac potensialının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu da təbii olaraq Azərbaycan iqtisadiyyatının inkişafı, iqtisadi artımın daha da sürətləndirilməsi, büdcə daxilolmalarının artırılması, eyni zamanda, ölkəmizə xarici valyuta axınının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mustafa KAMAL,

“Respublika”.