Yeni dünya nizamında Azərbaycana maraq artır
Siyasət

Yeni dünya nizamında Azərbaycana maraq artır

Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirlərinin etimadnaməsinin qəbul edilməsi də bunu bir daha təsdiqləyir

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə formalaşan yeni dünya nizamında Azərbaycana olan maraq olduqca böyükdür. Buna səbəb kimi ölkəmizin yerləşdiyi geosiyasi mövqeyi (Şərq-Qərb və Şimal-Cənub arasında dəhliz rolunu oynaması), qədim tarixi, yeraltı və yerüstü sərvətlərin zənginliyi, sülhün, təhlükəsizliyin qarantı olması və beynəlxalq aləmdə nüfuzunun yüksələn xətlə inkişafını göstərmək olar. Məhz dövlət başçısı Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycanın beynəlxalq müstəvidə rolu artıb və dünyada sülh platformasının mərkəzi rolunda çıxış edir.

Azərbaycan artıq 4-cü ildir ki, BMT-dən sonra ikinci ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Özünün formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirən Qoşulmama Hərəkatı 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bu, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirilir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurur. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada 2019-cu ildə Azərbaycanın "77-lər qrupu"na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir.

 Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verməkdədir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında görüşlər üçün Azərbaycanın seçilməsi də Prezident İlham Əliyevin müstəqil xarici siyasətə olan hörmətinin göstəricisidir.

Ölkəmiz demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bu prinsiplərin dərin tarixi kökləri vardır. Bu sahədə, hətta əksər Qərb ölkələrini də qabaqlayan Azərbaycanın demokratik inkişaf yolunu tutması onun şüurlu və azad seçimidir. Ölkəmizdə bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.

Azərbaycanda iqtisadi-ticari əlaqələrin, mədəniyyət və təhsil, energetika, turizm sahələrinin uğurlu inkişafı dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, inkişafda olan ölkələrinin də maraq dairəsindədir. Azərbaycan da öz növbəsində xarici siyasət kursunda dünyanın bütün ölkələri ilə münasibətləri dərinləşdirməkdə olduqca maraqlıdır. Artıq son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərini qəbul edir. Dövlət başçısı İlham Əliyev Cənub-Şərqi Asiya, Afrika, Avropa qitələrindən olan ölkələr - Konqo, Nabimiya, Vyetnam, Laos, San-Marino, Qana və Anqola səfirlərinin etimadnaməsini qəbul edib. Prezident İlham Əliyevin səfirlərlə görüşü zamanı elm, təhsil, kənd təsərrüfatı, mədən sənayesi, energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında aparılan islahatlar çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb, Hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd edib. Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini qəbul edən zaman təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etmişdi və dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir. Azərbaycana böyük etimad göstərən üzv dövlətlər Prezident İlham Əliyevin sədrliyinin daha bir il uzadılmasına da razılıq verib.

Musa BAĞIRLI,

"Respublika".